Avropa İttifaqının üzvü olan ölkələrin XİN başçıları Azərbaycana gəlir

Səfər proqramı açıqlanıb
23 İyun 2021 - 14:44

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin mandatı əsasında Cənubi Qafqaz regionuna səfər edəcək Avstriya, Litva və Rumıniya xarici işlər nazirlərinin səfər proqramı açıqlanıb.

APA-nın Aİ-nin Xarici Fəaliyyət Xidmətinin saytına istinadən verdiyi xəbərə görə, iyunun 25-26-da Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsberqis və Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcəklər.

Bildirilib ki, Aİ-nin Ali Nümayəndəsinin adından edilən bu səfər təşkilatın region ölkələri ilə ikitərəfli münasibətlərinə, Cənubi Qafqaz regionuna və Aİ-nin “Şərq Tərəfdaşlığı” çərçivəsinə verdiyi əhəmiyyətini göstərir: “Səfər Aİ-nin həm Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı şəkildə, həm də “Şərq Tərəfdaşlığı” çərçivəsində mövcud imkanları vasitəsilə daha geniş əməkdaşlığı dəstəkləməyə hazır olduğunu göstərir. Bu yaxınlarda Xarici İşlər Şurasının qeyri-rəsmi görüşündə XİN başçıları Şərq qonşuluğundakı münaqişələrə dair müzakirələr apardı. Bu səfər Aİ-nin münaqişələrin davamlı və hərtərəfli həllinə öz səylərini təşviq etmək və fəal şəkildə dəstəkləmək əzmini vurğulayır”.

Nazirlər Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, İrəvanda Ermənistan Prezidenti Armen Sarkisyan və Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan, Tbilisidə isə Baş nazir İrakli Qaribaşvili ilə görüşəcəklər.

“Bu səfər həm də 2021-ci ilin dekabrında keçirilməsi planlaşdırılan “Şərq Tərəfdaşlığı” sammitinə hazırlıq çərçivəsində Aİ-nin bu üç ölkəyə dəstəyini ifadə edir”, – deyə qeyd olunub.

Regiona səfər zamanı nazirləri Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar da müşayiət edəcək.

Nazirlər səfərin sonunda, iyunun 26-da Tbilisidə mətbuat konfransı keçirəcəklər.

Səfərin yekunları ilə bağlı hesabat iyul ayında keçiriləcək Aİ Xarici İşlər Şurasının iclasında təqdim ediləcək.