Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrə – Gürcüstan, Ermənistan, Azərbaycan, Moldova, Ukrayna və Belarusa koronavirusla mübarizədə təcili ehtiyaclar üçün 140 milyon avro ayırır.
APA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının onlayn brifinqində bildirilib. Bundan əlavə, komissiyanın “Şərq Tərəfdaşlığı” ölkələrinin koronavirus səbəbindən yaranmış sosial-iqtisadi böhrandan çıxması üçün əlavə 700 milyon avro ayıracağı bildirilib.
Avropa Komissiyasının Qərbi Balkan ölkələrinə də kömək edəcəyi, ehtiyaclar üçün 38 milyon, böhrandan çıxmaq üçün isə 374 milyon avro ayıracağı bildirilib.
Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varheyl bildirib ki, Aİ öz partnyorlarına bu çətin zamanda dəstək vermək üçün çalışır. “Bu, yalnız Aİ üçün deyil, partnyor ölkələr üçün də çox çətin zamandır. Koronavirus pandemiyasının insanın həyatına və yaşayış səviyyəsinə təsirini azaltmaq üçün əlimizdən gələni edirik. Biz həm səhiyyə sistemlərinin təcili ehtiyaclarına, həm də cəmiyyətin ən həssas qruplarına və altı ölkənin iqtisadiyyatının dayağı olan kiçik və orta sahibkarlığa daha uzunmüddətli ehtiyaclarının qarşılanması üçün çalışırıq”, – deyə o qeyd edib.
Avropa Komissiyasının məlumatında bildirilir ki, tərəfdaş ölkələrin tələbi ilə Komissiya təcili ehtiyaclara cavab verəcək tibbi cihazlar və ventilyatorlar, laboratoriya dəstləri, maskalar, gözlüklər, xalatlar və təhlükəsizlik kostyumları göndərəcək.
Məlumatda deyilir ki, Avropa Komissiyası Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə işləyir və bu zəruri ləvazimatların birlikdə alınması və qarşıdakı həftələrdə altı ölkənin səhiyyə sistemlərinə paylanması üçün 30 milyon avro ayırıb.
Bundan əlavə, tibb və laboratoriya işçilərini hazırlamaq və əhali arasında maarifləndirmə tədbirlərini həyata keçirmək üçün milli səhiyyə idarələrinə dəstək veriləcək. Komissiya həmçinin bu ölkələrdəki vətəndaş cəmiyyəti təşkilatlarına 11,3 milyon avrodan çox qrant ayırıb. Bu vəsait regional “Sürətli Reaksiya Mexanizmi” vasitəsilə məsafədən təhsil alan yerli məktəblərə dəstək üçün xərclənəcək. Komissiya bu paketin bir hissəsi olaraq vətəndaş cəmiyyətinin dəstəyi, xüsusən də kiçik təşkilatlara sub-qrantlar yardımı ilə əhalinin ən çox zərər çəkmiş hissələrinə dəstək üçün “Şərq Tərəfdaşlığı Həmrəyliyi Proqramı”nı yaya qədər işə salacaq.