Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabrın 28-də Azərbaycandan göndərilən 51 şikayət üzrə dörd qərardad elan edib. Hökumət dörd qərardad üzrə 51 ərizəçiyə ümumilikdə 239 min 450 avro təzminat ödəməlidir.
Bu barədə Azadlıq Radiosuna hüquqşünas Xalid Ağalıyev məlumat verib. Onun sözlərinə görə, iki qərardad seçki hüququnun pozuntusu iddiaları ilə bağlıdır.
“Arzu Səmədbəyli və başqaları Azərbaycana qarşı” işində ərizəçilər 2015-ci ildə keçirilmiş parlament seçkilərində müxalif siyasi partiyalardan deputatlığa namizədliklərini irəli sürüblər. Ancaq onların müraciətləri seçici imzalarının bir hissəsinin etibarlı olmaması əsası ilə qəbul edilməyib. Mərkəzi Seçki Komissiyasına və məhkəmələrə şikayətləri təmin edilməyən ərizəçilər seçki hüquqlarına müdaxilənin baş verdiyini iddia ediblər.
Seçkidən narazı 47 ərizəçi…
Kommunikasiya mərhələsində hökumət iddia olunan pozuntuları tanıyıb, AİHM-ə birtərəfli bəyannamə təqdim edib. Ərizəçilərin əksəriyyəti rədd etsə də AİHM bəyannaməni diqqətə alıb. Qərardada görə, Azərbaycan hökuməti 37 ərizəçinin hər birinə 4 min 750, üç ərizəçinin hər birinə 5 min, bir ərizəçiyə isə 4 min 500 avro təzminat ödəyəcək.
“Mübariz Rəhimli və başqaları Azərbaycana qarşı” işi də seçkilərə aid olub. Müxtəlif siyasi partiya üzvləri olan ərizəçilər 2015-ci ildə parlament seçkilərində, 2016-cı ildə isə təkrar seçkilərdə deputatlığa namizədliklərini irəli sürüblər. Seçki qurumu onların namizədliyini də yetərli etibarlı seçici imzası təqdim etmədikləri əsasıyla qeydə almayıb. Ərizəçilərin ali seçki qurumuna və məhkəmələrə şikayətləri də rədd edilib. Bu işdə ərizəçilər hökumətlə dostca anlaşıb, müvafiq bəyannaməni AİHM-ə təqdim ediblər. Qərardada əsasən, dörd ərizəçinin hər birinə 4 min 750, iki ərizəçinin isə hər birinə 5 min avro təzminat ödəniləcək.