Avropanın Hitlerdən xilasında iştirak edən Azərbaycan –

Faşizm üzərində Qələbənin 76 ili tamam olur
09 May 2021 - 00:12

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 76 il keçir.

Dünya 8-9 May tarixini faşizm üzərində Qələbə günü kimi qeyd edir.
76 il əvvəl Berlində bu tarixi günü qeyd edən SSRİ, ABŞ və Böyük Britaniya ikinci dünya müharibəsinin nəticlərindən doğan yeni dünyanı qurdular.
İnsanı növlərə bölməklə xəstə “ali riq” nəzəriyyəsi üzərində intişar tapan faşizm ideologiyası bəşəriyyəti dəhşətli müharibənin qoynuna atdı. 20-ci əsrin Avropasında mürəkkəb geopolitik münasibətlərin eybəcər təzahürü kimi meydana çıxan Hitler bütün qitəni yandıraraq milyonlarla insanın ölümünə bais oldu.
Faşizm -20-ci əsrin vəbası idi.
Azərbaycan faşizmə qarşı mübarizədə öz parlaq tarixini yazıb. Sovet İttifaqının tərkibində olaraq bu müharibədə iştirak edən ölkəmiz Avropanın qalib ölkələri cərgəsində yer alıb.
Bu Qələbə dünən əgər SSRİ tərkibində olan xalqların ümumi qələbəsi kimi göstərilirdisə bu gün Azərbaycanın özünə məxsusdur.
Azərbaycan faşizmə qarşı Avropanın apardığı azadlıq mübarizəsində özünəməxsus yer tutur. İstər Şərq cəbhəsində, istər Avropanın partizan hərəkatında döyüşmüş qəhrəman azərbaycanlıların adları dünya hərb tarixinə düşüb.
Bu müharibədə Azərbaycanın qaliblər cərgəsində olması mühüm məqamdır. SSRİ imperiyasının tərkibində olaraq iştirak bu məqama kölgə sala bilməz. Hindistan da həmin dövrdə Britaniyanın koloniyası idi. Amma Britaniya ordusunun tərkibində milyonlarla əsgəri olan hind diviziyaları faşizmə qarşı müharibədə 100 minlərlə qurban verib. Bu gün Hindistan müstəqil ölkədir və bu tarixi ilə öyünür.
Azərbaycanın mühacirətdə olan milli ziyalıların böyük əksəriyyəti -başda Məhəmməd Əmin Rəsulzadə olmaqla faşizmi pisləyib və onun əleyhinə olub. Hitlerin yağlı vədlərini boş və mənasız hesab edib.
9 Mayda Azərbaycan Avropanı xilas edən orduların sırasında olub, ləyaqətlə vuruşub və qalib gəlib.
Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox – 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

Dünya hələ neçə illər İkinci Dünya Müharibəsinin yaratdığı siyasi nəticələrin hökm sürdüyü zamanda yaşayacaq.
Azərbaycanın bu ağır və dəhşətli müharibədə yazdığı tarix unudulmazdır.