Avtomobillərdə pərdə və plyonka çəkilmə qaydasını Nazirlər Kabineti müəyyənləşdirəcək

22 Yanvar 2021 - 10:57

Avtomobillərdə pərdə, jalüz və plyonka çəkilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Bu, “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, hər iki  tərəfdə  arxanı   göstərən   xarici   güzgülər   olduqda   avtobusun pəncərələrindən  pərdə  asmağa,  eləcə  də  minik  avtomobillərinin  arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya  sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilib. Avtomobillərdə pərdə, jalüz və plyonka çəkilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra qanunun bu müddəası qüvvədən düşəcək.