AXCP-dən ayrılan partiyalar buraxılacaq?

Siyasi partiyaların buraxılması, yaxud birləşməsi prosesi davam edəcək.

Azpost.info xəbər verir ki, Sosial Rifah, Azərbaycan Naminə Alyans və Milli Birlik partiyalarının buraxılmasından sonra daha bir neçə partiyanın fəaliyyətinə son veriləcək.

Məlumata görə, həmin partiyalar birləşdirilməklə siyasi səhnədən yox olacaqlar. Bu sırada Milli Cəbhə Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Azərbaycan Xalq Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası və Aydınlar Partiyasının adı çəkilir.

İddia olunur ki, bu partiyalara biləşmək təklif olunub. Bir neçə partiyanın sədrinin artıq təkliflə razılaşdığı bildirilir. Burada diqqətçəkən məqamlardan biri adıçəkilən partiyaların sədrlərinin vaxtilə Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) mühüm postlar tutmasıdır. Məlumata görə, bu da təsadüfi deyil.

Hakimiyyət köhnə cəbhəçiləri bir araya gətirməklə yeni siyasi güc mərkəzinin formalaşmasını istəyir.

Yaranandan bəri hakimiyyətin siyasi kursunu dəstəkləyən partiyalara isə keçmiş səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq və Ədalət Partiyasına birləşmələrinin təklif olunduğu iddia olunur. Ümumiyyətlə, siyasi səhnədə 10-dan bir qədər artıq partiyanın qalacağı gözlənilir.

Hazırda Azərbaycanda 50-dən çox qeydiyyatdan keçmiş partiya var. Lakin onların əksəriyyəti demək olar ki, fəaliyyətsizdir. Digər tərəfdən, həmin partiyaların üzvləri də çox azdır. Siyasi partiyalar haqqında yeni qanunda qeydiyyat üçün 5000 üzvün tələb olunması xırda partiyaların üzvlərinin sayının şişirtmək imkanını alıb. Yəni, onlar əvvəlki tək “çoxsaylı üzvlərimiz var” kimi ümumiləşdirmə ilə vəziyyətdən çıxa bilməyəcək. Qanuna görə 5000 üzvün siyahısını təqdim olunmalıdır. Bundan sonra həmin partiyalardan bir neçəsinin özünü buraxması da göstərdi ki, yeni siyasi mühitdə varlıqlarını qoruya bilməyəcəklər.

Hüseyn

Əvvəlki məqalə

“Vacib olan Bakı və İrəvanı eşitməkdir”

Sonrakı məqalə

“İran dostu, qardaşı Ermənistanın aqibətindən nəticə çıxarmalıdır”