Ayaqlarda şişkinlik nə vaxt təhlükəlidir?– Həkimlər xəbərdarlıq edir

Günün sonunda ayaqlarda şişkinlik hiss etmək bir çox insan üçün adi haldır. Xüsusilə uzun müddət ayaqüstə işləyənlər, isti havada çox gəzənlər və ya saatlarla oturaq vəziyyətdə qalanlar bu problemlə tez-tez qarşılaşırlar. Lakin mütəxəssislər bildirirlər ki, bəzi hallarda ayaqlardakı şişkinlik ciddi xəstəliklərin ilk əlaməti ola bilər.

Azpost.info xəbər verir ki, həkimlərin sözlərinə görə, isti havada qan damarları genişləndiyi üçün maye toxumalarda daha çox toplanır. Bu səbəbdən yay aylarında ayaqlarda şişkinlik daha çox müşahidə edilir.

Ancaq şişkinlik yalnız hava ilə bağlı olmur.

Ürək və böyrəklər siqnal verə bilər

Kardioloqlar bildirirlər ki, hər iki ayaqda davamlı şişkinlik ürək çatışmazlığının ilkin əlamətlərindən biri ola bilər. Ürək qanı kifayət qədər effektiv dövr etdirə bilmədikdə maye aşağı ətraflarda toplanır.

Nefroloqlar isə böyrəklərin fəaliyyətinin pozulması zamanı orqanizmdə natrium və suyun saxlanıldığını, bunun da ödem yaratdığını bildirirlər.

Damar problemləri də səbəb ola bilər

Varikoz və venoz çatışmazlıq zamanı qan ayaqlarda toplanır. Bu zaman şişkinliklə yanaşı ağırlıq hissi, ağrı və gecələr qıcolmalar da müşahidə oluna bilər.

Əgər şişkinlik yalnız bir ayaqda yaranır və ağrı ilə müşayiət olunursa, bu, dərin ven trombozu kimi təhlükəli vəziyyətin əlaməti ola bilər və təcili tibbi yardım tələb edir.

Şişkinliyi azaltmaq üçün nə etmək lazımdır?

Mütəxəssislər aşağıdakı tövsiyələri verirlər:

  • Gün ərzində kifayət qədər su qəbul edin.
  • Duzlu qidaların miqdarını azaldın.
  • Uzun müddət eyni vəziyyətdə qalmayın.
  • Ayaqları gündə bir neçə dəfə ürək səviyyəsindən yuxarı qaldırın.
  • Rahat ayaqqabı geyinin.
  • Lazım gəldikdə həkim məsləhəti ilə kompression corablardan istifadə edin.

Əgər şişkinlik bir neçə gün davam edirsə, nəfəs darlığı, sinə ağrısı və ya yüksək təzyiqlə müşayiət olunursa, mütləq həkimə müraciət etmək lazımdır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.