Azərbaycan bu il Avropaya 950 mln. kubmetrdən çox qaz ixrac edib

17 May 2021 - 19:17

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Avropaya 195 730,43 min ABŞ dolları dəyərində 953 678,41 min kubmetr həcmində qaz ixrac edib.

Economics”in Dövlət Gömrük Komitəsinin açıqladığı göstəricilər əsasında apardığı hesablamalarına görə, Avropaya ixrac edilən qazın 733 860,78 min kubmetri (150 781,7 min dollar dəyərində) İtaliyanın payına düşüb.

Bundan əlavə, hesabat dövründə Azərbaycan Yunanıstana 127 818,77 min kubmetr (32 774,78 min dollarlıq), Bolqarıstana isə 91 998,86 min kubmetr (12 173,95 min dollarlıq) həcmində qaz ixrac edib.

Bununla yanaşı, hesabat dövründə Azərbaycan Türkiyəyə 708 343,07 min dollarlıq 5 145 932,31 min kubmetr qaz ixrac edib. Yanvar-aprel aylarında Azərbaycan Gürcüstana 227 406,77 min dollar dəyərində 1 737 972,57 min kubmetr qaz nəql edib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya Trans-Adriatik qaz kəməri (TAP) ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə “mavi yanacağın” kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.