Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti koronavirusdan vəfat edib

13 May 2020 - 10:53

Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərov koronavirusdan dünyasını dəyişib.

“Report”un məlumatına görə, bu barədə TASS-a açıqlamasında Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili bildirib.

O bildirib ki, qadınlardan ibarət Rusiya millisinin çalışdırıcısı koronavirusun səbəb olduğu xəstəlikdən ölüb: “Bəli, koronavirus. İnanmaq istəmirəm. O qədər planlar, o qədər vəzifələr, o qədər enerji var idi. O, ətrafında bütün qızları toplamışdı”.

Qeyd edək ki, Maqomed Əliömərov AGF-də vitse-prezident vəzifəsinə 2007-ci ildə təyin olunub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarınadək qadın güləşi üzrə millinin də baş məşqçisi olub. 2019-cu ilin fevralından isə Əliömərov Rusiyanın eyni növ üzrə yığmasına rəhbərlik edib.