Azərbaycan millisinin oyunu koronavirus səbəbindən ləğv olunub

19 İyun 2021 - 12:05

Kişi həndbolçulardan ibarət Azərbaycan yığmasının Andorra ilə oyunu ləğv olunub.

Apasport.az saytının məlumatına görə, “IHF/EHF Trophy 2021” turnirində mübarizə aparan Vidadi Əliyevin yetirmələri cırtdan ölkə təmsilçisi ilə 5-ci yer uğrunda iki matç keçirməli idi.

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən turnirin B qrupunda yer alan millimiz ilk turda meydan sahibləri ilə görüşüb. Rəqibin üstünlüyü ilə keçən görüş yığmamızın məğlubiyyəti ilə başa çatıb – 16:36 (7:18).

Matçın ən yaxşı bombardiri İrakll Kbilaşvili olub. O, az qala yığmamız qədər – 12 qola sevinib.

Millimizin heyətində Hüseyn Aydəmirov 6, Cavid Abdullayev 3, İslam Slemanov, Sergey Dubovik və Orxan Əliyev hərəyə 2, Saleh Vəliyev 1 dəfə fərqlənib.

Bu gün keçiriləcək II turda yığmamız istirahət edəcək. Millimiz sabah Moldova ilə görüşəcək.

Qeyd edək ki, üç komandalı qrupların hərəsindən ilk iki yerin sahibi yarımfinala yüksələcək. Qrup sonuncuları 5-ci yer uğrunda mübarizə aparacaq. Digər qrupda Andorra, Bolqarıstan və Kipr qüvvəsini sınayır.