“Azərbaycan və Ermənistan münaqişəsindən ancaq Moskva xeyir görür” –

Ukraynalı hərbi ekspert
19 Noyabr 2021 - 21:45

“Bu gün münaqişə nə Azərbaycana nə də Ermənistana sərfəli deyil. Burada ancaq bir ölkə-Rusiya qazanır”.

Azpost.info bildirir ki, bu sözləri Ukryananın Avro-Atlantik əməkdaşlıq İnstitutunun hərbi eksperti İqor Koziy media.az-a açıqlamasına bildirib.

Onun fikrincə, Rusiyanın Ermənistana təsirini nəzərə alsaq Cənubi Qafqaz regionunda vəziyyətin yumşalmasından danışmağa ehtiyac qalmır: “Postsovet məkanındakı bütün bu münaqişələr əvvəlcədən hazırlanıb, Moskva isə həmişə onlardan öz maraqları üçün istifadə edib. Millətlərarası ədavət hələ çar Rusiyası zamanından başlanır”. 

Ekspertin fikrincə, Rusiya nümayiş etdirir ki, onun müdaxiləsi olmadan Azərbaycan və Ermənistan məsələni dinc yolla həll edə bilməyəcək: “Hesab edirəm ki, Türkiyə NATO üzvü kimi Alyansın qapalı iclasında neytral ölkələrdən sülhməramlı qüvvələrin regiona gəlişini qaldıra bilər”.

Ermənistanın son sərhəd toqquşmasında Moskvaya etdiyi yardım müraciətinin cavabsız qalmasını şərh edən ekspert qeyd edib ki, bu Rusiyanın zəif Ermənistanın olmasında marağını göstərir. “Zəif İrəvan başqa müttəfiq axtarmaq məcburiyyətində qalır. Məncə, Ermənistanda baş verənlər Belarus ssenarisini çox xatırladır. Ölkə tam olaraq Rusiyanın təsiri altına düşür”.