Mərkəzi Bankın açıqladığı göstəricilərə görə, ötən il Azərbaycan iqtisadiyyatına 6 milyard 658 milyon dollar xarici investisiya yatırılıb. Bu, 2022-ci illə müqayisədə təxminən 380 milyon dollar artım deməkdir.
Azərbaycana ən çox xarici investisiya yatıran ölkə, ənənəvi olaraq, Böyük Britaniyadır. Ötən il Azərbaycan iqtisadiyyatına yatırılan investisiyanın 28 faizi məhz bu ölkənin payına düşüb. Böyük Britaniyanın Azərbaycana ən çox investisiya yatıran ölkə olması səbəbsiz deyil, bu ölkəyə məxsus “bp” şirkəti Azərbaycanın neftinin əsas hasilatçısıdır. Böyük Britaniyadan sonra Azərbaycana yatırılan investisiyalara görə ilk üçlükdəki digər iki ölkə Türkiyə (19.6 faiz) və Kiprdir (11.9 faiz).
Enerji sektoru olmasa, Azərbaycan iqtisadiyyatının xarici investor sarıdan problemlə üzləşəcəyi barədə rəylər də səslənir. Bu rəyi Hesablama Palatasının araşdırması da təsdiqləyir. Palatanın bir müddət öncə Azərbaycan İnvestisiya Şirkətində (AİŞ) apardığı auditdə göstərilirdi ki, bu şirkətin ölkəyə investor cəlb etməklə bağlı fəaliyyətinin səmərəsi az olub. Misal kimi göstərilirdi ki, auditin əhatə etdiyi dövrdə aktiv olan 12 layihədən 6-sının investoru eyni xarici şirkətdir. Bu baxımdan, həmin şirkətlə bağlı yarana biləcək risklər AİŞ-nin bütün fəaliyyətini riskə ata bilər. O da var ki, layihələrə xarici investor marağının, eləcə də digər xarici amillərin düzgün qiymətləndirilməməsi üzündən 2021-ci ildə AİŞ Müşahidə Şurasının təsdiqlədiyi iki layihənin icrası təmin edilməyib və həmin layihələrdə iştiraka dair qərarlar ləğv edilib.
Ekspertlərin fikrincə, Azərbaycanda neftdənkənar sahələrə xarici investor marağının az olmasının əsas səbəbləri Azərbaycanda biznes mühitində rəqabətin olmaması, məmur sahibkarlığı, ağır gömrük və vergi rejimləri kimi amillərdir.
Azpost.info