Azərbaycana sənaye yığımı üçün gətirilən minik avtomobilləri gömrük rüsumundan azad edilib

04 Fevral 2020 - 21:07

Azərbaycana minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən detallar, ehtiyat hissələri gömrük rüsumundan azad edilib. 

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən, digər avtomobillər üçün gətirilən detallar, ehtiyat hissələri üçün gömrük rüsumları qüvvədə saxlanılır.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 7 il müddətində qüvvədədir.

Qeyd edək ki, minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı minik avtomobillərinin aşağıdakı bütün texnoloji əməliyyatların yerinə yetirilməsi ilə həyata keçirilən yığımı hesab olunur:

– kuzovun istehsal xəttinə yerləşdirilməsi;

– yan, ön və arxa şüşələrin, ön və arxa qapıların, şitin, ön və

arxa buferlərin quraşdırılması;

– mühərrikin quraşdırılması və bərkidilməsi, mühərrikə

idarəetmə mexanizmlərinin birləşdirilməsi;

– radiatorların quraşdırılması və soyutma sistemlərinin qoşulması;

– amortizatorların bərkidilməsi, transmissiyanın qoşulması;

– ön, arxa asmaların və yarımoxların quraşdırılması;

– ön təkər topu ilə sükan-idarəetmə sisteminin birləşdirilməsi;

– təkərlərin quraşdırılması və ön təkər topu yastıqlarının sazlanması, yanma çarxının quraşdırılması;

– sükan-idarəetmə hidrosisteminin, əyləc sisteminin doldurulması və sazlanması;

– fənərlərin, ön və arxa siqnal fənərlərinin quraşdırılması;

– səsboğucunun və tullantı qaz boru seksiyalarının quraşdırılması;

– yanacaq bakının quraşdırılması və yanacaqötürmə sisteminin qoşulması;

– generatorun quraşdırılması və ötürücü kəmərin sazlanması;

– akkumulyatorun quraşdırılması və qoşulması, elektrik zəncirlərinin yoxlanılması;

– ön və arxa oturacaqların quraşdırılması;

– mühərrikin diaqnostikası və sazlanması;

– əyləc sisteminin effektivliyinin yoxlanılması;

– tez zədələnən yerlərin konservasiyası;

– yığılmadan sonra qüsurların aradan qaldırılması;

– avtomobil və lövhəciyə eyniləşdirmə nömrəsinin vurulması;

– avtomobilin sürülüb yoxlanılması.