Xarici təhdidlərə qarşı etibarlı zireh –Ölkədə dini təfriqə cəhdləri niyə uğur qazanmır? 

Son iki ayda dünyada baş  vermiş bir sıra hadisələr regionda təhlükəsizlik məsələsinin vacibliyini bir daha önə çıxartdı.

Dini şüarlarla pərdələnmiş qrupların böyük siyasi güclərin maraq daşıyıcısı kimi çıxış etməsi artıq bəlli faktlardır. Yaxın Şərqdə qanlı davaları körükləyən bu siyasət dövləti və cəmiyyəti parçalayan əsas detenatora çevrilib.

Son 10 ilin mənzərəsinə baxdıqda kədərli səhnələr insan yaddaşına sanki adi gündəlik həyat səhnəsi kimi hopur. “İdarə olunan xaos” nəzəriyyəsinə söykənən bu metod bu gün “yumşaq güc”ün mühüm rıçağı kimi çıxış edir.

Hakimiyyətlərin sınağa çəkildiyi bu dövrdə milli və dini həmrəylik onlar üçün hava-su qədər zərurətə çevrilib.  ABŞ-İran münasibətlərinin kəskinləşdiyi bir dönəmdə Cənubi Qafqaz regionundakı çalxalanmalar bölgə dövlətlərindən yürütdükləri siyasətə həssas yanaşmanı tələb edir.

Son zamanlarda Suriyada baş verənlər ətrafında, xüsusilə  İran generalı Süleymaninin qətli ilə bağlı sosial şəbəkələrədə aparılmış qızğın debatlar bu  yazının yazılma səbəbinə çevrildi. Əlbəttə, regionda qonşu ölkələrin siyasi həyatında baş verən təlatümlər istər-istəməz Azərbaycanın ictimai fikrində də inikasını tapır. Amma azərbaycanlıların müəyyən kəsiminin tanımadıqları bir generalın qətli ilə bağlı apardıqları qarşılıqlı, bəzi hallarda etik qaydalardan çıxan  mübahisələr bir sıra məqamlar üçün bir indikator oldu. Aydın oldu ki, ölkədə milli və dini həmrəyliyi dağıtmağa çalışan maraqlı qrupların cəhdləri səngimir.  Bu qüvvələr istər qətlə yetirilmiş generala münasibətdə, istərsə də ayrıca götürülmüş predmet üzrə müzakirələrdə təfriqə salmaq üçün bütün vasitələrdən istifadəyə can atırlar. Lakin bütün bu cəhdlər nəticəsiz qaldı. Sosial şəbəkələrdə bu müzakirələr fərdi reaksiyalardan o yana keçmədi. Yetkin ictimai rəy bu münasibətin bundan o tərəfə keçməsinə imkan vermədi.

Burada ölkədə aparılan multkultural siyasətin izini aydın görmək oldu.

Azərbaycan artıq neçə ildir ki, bu risklərin qarşısını almaq üçün dinlərarası barışı və mehribanlığı dövlət siyasətinin əsas prioritetinə çevirib. Prezident İlham Əliyev xarici təhlükələrə qarşı irəli sürdüyü, böyük bir humanitar platformanın özəyini  təşkil edən tolerantlıq prinsiplərini bəyan edib. Bu prinsip dövlətə yönəlmiş xarici təhdidlərə qarşı bir zireh kimi çıxış edir. Əsas hədəf kimi müxtəlif dini konfessiyaları önə çəkən dövlət onları öz siyasətinin əsas tərəfdaşına çevirib. Bu, çox  mühüm detaldır.

Dini baxışlar və inanc  insan davranışını təyin edən mühüm komponentdir. Bu sahədə aparılan iş zərgər dəqiqliyini tələb edir.

Yetmiş illik sovet ateist sistemində bu münasibətlər dövlətin zor aparatı ilə tənzimlənirdi. Bunun əzabını SSRİ dağıldıqdan sonra postsovet məkanında yaranan dövlətlərin vətəndaşları çəkdi. Ölkəmizdə sosial bazası olmayan qeyri-ənənəvi din və təriqətlərin təbliği üçün fürsət yarandı.  Yaranmış böyük dini boşluğun yerini tutmağa ən müxtəlif təlimlər can atmağa başladı. Müəyyən xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən yönəldilən həmin  təşkilatlar vətəndaşlarımız arasında bir tərəfdən etnik və dini qarşıdurmanın yaradılmasına səy göstəriblər. Hədəf isə Azərbaycanda vətəndaş və milli birliyin tarixən formalaşmasına zəmin yaradan ənənəvi tolerantlıq mühitinin məhv edilməsi idi.

Bu xaotik hərəkat regionda az qala min illər ərizndə formalaşmış ənənəvi inanc sistemini demontaj cəhdlərinə qədər qalxa bilmişdi. 90-larda Şimali Qafqazda baş qaldırmış silahlı qarşıdurmaların bir mühüm detalı da fərqli məzhəb və dini əqdiə düşmənçiliyinin körüklənməsi idi.

Həssas geopolitik regionda yerləşən Azərbaycan bu baxımdan  belə beynəlxalq təhdidlərə qarşı mübarizəyə öz töhfələrini verməyə cəhd edir.  Prezident İlham Əliyevin multkulturalizm və tolerantlıq siyasəti  inteqrasiya üçün vacib çağırışlarıdır. Burada müxtəlif inanc  daşıyıcısı olan insanların birliyi vətəndaş cəmiyyətinin əsas  prinsipi kimi çıxış edir.   Ölkənin təhlükəsizliyini təmin edən zəruri faktora çevrilmiş  tolerantlıq ideyasının məğzində ölkənin milli təhlükəsizliyinə olan təhdidlərin neytrallaşdırılması durur.

Dinlərin qarşılıqlı dialoqunu ehtiva edən bu siyasət  Qafqaz Müsəlmanları İdarəsi üzərinə də böyük məsuliyyət qoyur.  Aparılan araşdırmalar göstərir ki, ənənəvi dinlərin köməyi olmadan cəmiyyətin  dini təhlükəsizliyini təkbaşına təmin etmək dövlət üçün çətin olur.  Azərbaycanın dini təhlükəsizlik anlayışı dedikdə  burada yaşayan bütün xalqların dini ənənələrin müdafiəsi başa düşülür.  Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti dövlətin bu sahədə apardığı siyasətin yürüdlməsində vacib detala çevrilir.  Məhz bu qurum müstəqil Azərbaycanda  cəmiyyət arasında harmoniyanın qorunmasında, siyasi proseslərin böhranlı vaxtlarında  mənəvi dəstəyi və bəzən proseslərin önünə çıxması ilə ictimai- siyasi sabitliyi qoruyan ciddi amil kimi çıxış edib.  Bu baxımdan QMİ və onun sədri, şeyxülislam Allahşükür Paşazadə  bu prosesdə mühüm töhfələrini verir.

Hakimiyyət cəmiyyətdə mənəvi qayda-qanunların təbliği və formalaşması üçün dini liderlərin nufuzundan həmişə istifadə edib.

QMİ bu gün dini ekstremizmin ayaq açmasına müqavimət göstərən etibarlı platformadır. Qurum  inanc həmrəyliyinin mühüm rıçaqına çevrilməklə dövlətin prioritetlərində yerini alıb.

Bu gün dünyada insanların dini etiqadını siyasi avanturaya çevirməyə cəhd edənlər ilk hədəf kimi çoxkonfessiyalı cəmiyyəti silkələməyə çalışırlar. Böyük güclərin əlində silaha çevrilən bu qüvvələr bunun üçün hər xırda fürsətdən yararlanmağa can atırlar.

Proseslərin təhlili göstərir ki, Prezident İlham Əliyevin multkulturial siyasəti ölkəni  belə təhdidlərdən qoruyacaq platformanı yarada bilib.  

Bu baxımdan dinlərin qarşılıqlı əməkdaşılığına söykənən Bakı regiondakı təhdidlərə qarşı etibarlı sipər yarada bilib.

Emin Abbasov

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əlibaba Məmmədov:

Sonrakı məqalə

Azərbaycana sənaye yığımı üçün gətirilən minik avtomobilləri gömrük rüsumundan azad edilib