Azərbaycanda əhalinin 12,1 faizi pensiya alır

17 Avqust 2021 - 17:57

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, bu ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 4,7 faiz artırılaraq 2405,3 milyon manata çatdırılıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, vəsaitin 97,4 faizini pensiya xərcləri təşkil edib. Bu il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1214,1 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir. Onların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,8 faiz artaraq 328,8 manat təşkil etmiş və orta aylıq əmək haqqının 45,4 faizinə bərabər olub.