Azərbaycanda cəza siyasəti yenə humanistləşdirilir

- DETALLAR
17 Aprel 2020 - 15:33

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması ilə bağlı Milli Məclisə təqdim edilən yeni layihədə 200-ə yaxın dəyişiklik təklif olunur. 35 cinayətin dekriminallaşdırılması nəzərdə tutulur, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır”.

“Report”xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deyib.

O bildirib ki, 3 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunur: “30 cinayətə görə sanksiyalara azadlıqdan məhrum etməyə alternativ cəzalar (cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması) daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur”.

O qeyd edib ki, məhkumluğun götürülməsi ilə bağlı mövcud hüquqi boşluq da aradan qaldırılır: “Bu dəyişikliyə qədər, məhkəmə şəxsin məhkumluğunun götürülməsi barədə qərar qəbul edirdi. Lakin həmin şəxsin əlavə cəzası bəzi hallarda üzərində qalırdı. Yeni dəyişiklik imkan verir ki, məhkəmə şərti məhkum etməni ləğv edən zaman məhkumu tamamilə və ya qismən əlavə cəzadan azad etsin”.