Azərbaycanda hakimi təhqir edən 2 məşqçi və 2 futbolçu cəzalandırılıb

29 Oktyabr 2021 - 17:21

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağı yaş qrupları üzrə keçirilmiş oyunlar zamanı qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.

Apasport.az saytının məlumatına görə, 4 nəfər təhqiramiz ifadə işlətməsi səbəbindən sərt cəzaya məruz qalıb ki, onlardan ikisi məşqçidir.

U-15 Liqasının “Cənub Elit” – “Turan Tovuz” oyununda ikincilərin çalışdırıcısı Kamal Ələkbərov hakimi təhqir etdiyindən qarşıdakı 5 görüşdə texniki zonadakı yerini ala bilməyəcək.

Həmin liqanın “Neftçi” – “Səbail” oyununda isə qonaqların iki üzvü eyni addıma əl atıb. Əvvəlcə 76-cı dəqiqədə futbolçu Yusif Əhmədli hakimi, ondan iki dəqiqə sonra isə köməkçi məşqçisi Ramiz Hüseynov hakimlər briqadasını söydüyü üçün diskvalifikasiya olunub. Əhmədli 4, Hüseynov isə 5 oyunluq cəzaya məruz qalıb.

Bundan başqa, futzal üzrə Yüksək Liqanın “Araz” – “Xilə” FK qarşılaşmasında rəqibi təhqir edən “Xilə”nin oyunçusu Sabir Hacıəlizadəyə 3 oyunluq cəza kəsilib.