Azərbaycanın ikinci Parlamentinin 2000-ci ildəki ilk iclası –

Müxalifətin iştirak etmədiyi açılış sessiyası (VİDEO FOTOLAR)
28 Sentyabr 2019 - 20:36

İnternetdə ikinci çağırış Milli Məclisin 20 il əvvəl -2000-ci ilin noyabrında keçirlmiş ilk iclasının videoxronikası yayımlanıb.

Azpost.info bildirir ki, 2000-ci ilin noyabrın 5-də keçirilmiş parlament seçkiləri ciddi siyasi rəqabət şəklində baş tutub. Nəticədə Milli Məclisin ölkənin sonrakı beş ilində baş verəcək mühüm ictimai-siyasi proseslərdə iştirak edəcək tərkibi müəyyənləşib.

Bu seçkidə Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev ilk dəfə deputat kimi fəaliyyətə başlayıb. Onun rəhbərlik elədiyi YAP-ın proporsional seçki siyahısı Milli Məclisdə əksər yerləri götürüb.

Həmin seçkilərdə müxalifəti təmsil edən bir sıra partiyalar parlamentin tərkibinə düşə bilib.

AXCP-ni Əli Kərimov, Qulamhüseyn Əliyev, Asim Mollazadə və Cəmil Həsənovdan ibarət deputat qrupu təmsil edib. Majoritar qaydada isə AXCP-dən Nizami Quliyev, Müsavat Partiyasından Şirzad Əyyub və Vaqif Səmədoğlu seçilib.

Həmin il AXCP-dəki parçalanmadan sonra yeni təşkilat yaratmış Mirmahmud Fəttayev də deputat mandatı alıb.  İclada deputat seçilənlərin siyahısı oxunarkən onun adı da çəkilir.  29 saylı Əli-Bayramlı-Salyan seçki dairəsindən seçilmiş  Mirmahmud Fəttayev o zaman deputat mandatından imtina edib.

2000-ci ildəki seçkilərdə VHP-dən Sabir Rüstəmxanlı, Fəzail İbrahimli,  Rəfail Hüseynov, Kommunist  Partiyasından  Ramiz Əhmədov, Rauf Qurbanov millət vəkili seçiliblər.

Videodan görünür ki, Prezident Heydər Əliyev İclasda iştirak etməyib. Müxalifəti təmsil edənlər də həmçinin iclasa qatılmayıblar.

Videoda həmçinin deputat mandatı almış yazıçı və sənət adamlarını görmək olur: AYB sədri Anar, mərhum Bəxtiyar Vahabzadə, Zeynəb Xanlarova, Zəlimxan Yaqub, Amaliya Pənahova, Sirus Təbrizli, Vaqif Səmədoğlu,  Anar Məmmədxanov, Maqsud İbrahimbəyov kadrlarda yer alıb.

O zaman SOCAR-ın vitse-prezidenti vəzifəsini tutan İlham Əliyev Anar Məmmədxanovla birgə oturub.

Milli Məclisin təmirdən əvvəlki salonundakı qırmızı kreslolarda həmçinin mərhum Murtuz Ələsgərovu, “çörək Tofiq” təxəllüsü verilmiş  Tofiq Hüseynlini,  general Timoşenkonu, İsmayıl Ömərovu, mərhun Zakir ZeynalovuVüqar Rəhimzadəni, Kommunist Partiyasnın sədri mərhum Ramiz Əhmədovu,  tək oturmuş akademik Cəlal Əliyevi, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu, Bakı şəhər icra hakimiyyətinin sabiq başçısı Rafael Allahverdiyevi, sonralar  məşhur ifadəyə çevrilmiş “Jak Şirak qudurub” aforizminin müəllifi, mərhum professor Şamil Qurbanovu görmək mümkündür.

İclası idarə edən Həsən Mirzəyev ilk iclasda 101 deputatın iştirak etdiyini açıqlayır.

O, Milli Məclisn yeni sədrinin seçilməsinin vacibliyini deyir və tribunaya YAP sədrinin müavini Əli Əhmədov çıxır.

Ə. Əhmədov çıxışında bildirir ki, qarşıdakı beş ildə ölkədə demokratiyanı inkişaf etdirmək, sosial islahatların hüquqi bazasını yaratmaq kimi məsuliyyətli vəzifə durur. Bundan sonra Əli Əhmədov YAP adından Milli Məclisin sədri vəzifəsinə professor Murtuz Ələsgərovun namizədliyini təklif edir.

Təklif səsə qoyulur.

…Milli Məclisin bu tərkibi Azərbaycanın 2000-ci illərin əvvələrindəki siyasi proseslərin yükünü daşıdı. Azərbaycanın Avropa Şurasına üzvlüyünün sevincini yaşadı, siyasi burulğanların dalğasına düşdü.

2001-ci ilin aprelində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar sessiyasına qatılan Azərbaycan nümayəndə heyətinə İlham Əliyev rəhbərik edirdi.

Bu tərkib 2003-cü ildə deputat həmkarı İlham Əliyevi Baş nazir postuna təsdiq etdi, mərhum Heydər Əliyevin vəfatının kədərini yaşadı.

2003-cü ildə dövlət başçısı seçilmiş İlham Əliyevin Prezident kimi səlahiyyətlərini təsdiqləmək də bu tərkibin qismətinə düşdü. İkinci parlament 2005-ci ildə baş tutmamış dövlət çevrilişi cəhdinin şahidi oldu və öz sıralarından iki həmkarının həbsinə razılıq verdi.

2005-ci ilin noyabrında fəaliyyətini sona çaıtdırdı.

İndi həmin ilk iclasın tarixindən 20 ilə yaxın vaxt ötür.  Bu kadrlar həmin dövrün siyasi portretini yenidən xatırlamaq üçün bir imkan yaradır.