Azərbaycanın Rusiyadakı Səfirliyinin qarşısında həmyerlimiz qəflətən vəfat edib

18 May 2021 - 00:22

Azərbaycanım Rusiyadakı Səfirliyinin inzibati binasının önündə bədbəxt hadisə baş verib.

Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, mayın 17-də səhər saat 08:50-də səfirliyin konsulluq xidmətinin girişinin qarşısında Rusiya Federasiyasının vətəndaşı Muradov Rüfət Əli oğlunun vəziyyəti qəflətən pisləşib və o, dünyasını dəyişib .

“Bununla əlaqədar olaraq, dərhal təcili tibbi yardım çağırılıb və polisə məlumat verilib. Hadisə yerinə gəlmiş Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları vəfat etmiş şəxsin Rusiya vətəndaşı olmasını və ekspert-kriminalist tərəfindən rəyin bildirilməsinin vacibliyini əsas gətirərək Rusiyanın səlahiyyətli nümayəndələrinin gəlişinə qədər cəsədin yerdən götürülməsinə icazə verməyiblər.

Müəyyən müddətdən sonra hadisə yerinə gələn kriminalistin öz rəyini bildirməsi cəsədin təcili tibbi yardım briqadası tərəfindən “morqa” aparılmasını mümkün edib. Ölüm səbəbinin öyrənilməsi məqsədilə Səfirlik Rusiyanın aidiyyəti qurumlarına müraciət edib.

Rüfət Muradovun ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, deyə Səfirliyin məlumatında qeyd olunub.