Cənubi Qafqazda davamlı sülhün dəstəklənməsi üçün etimad quruculuğu tədbirləri üzrə birgə Ermənistan-Azərbaycan qrupu Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan Baş Naziri Aparatının 7 dekabr tarixli birgə bəyanatını dəstəkləyib.
Birgə qrup tərəflər arasında məhbusların azad edilməsi və digər etimadın möhkəmləndirilməsi tədbirləri haqqında razılaşmanı xüsusilə alqışlayıb. Birgə qrup üzvləri hesab edirlər ki, bu bəyanat ikitərəfli münasibətlərin normallaşması və danışıqların bərpası prosesində mühüm addımdır.
Onlar “bölgədə çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi şans var” fikrini də alqışlayırlar.
Birgə qrup tərəflərin “münasibətləri normallaşdırmaq və suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsi bağlamaq” niyyətini dəstəkləyiblər.
“Birgə Əlaqə Qrupumuz 2021-ci ilin yayından etimad quruculuğu tədbirləri üçün ideyalar hazırlamaq və onların həyata keçirilməsi üçün siyasi və ictimai dəstəyi səfərbər etmək üçün işləyir”, – deyə birgə qrupun üzvləri qeyd edirlər.
“Biz məmnunuq ki, Ermənistan və Azərbaycan liderləri yaxın gələcəkdə effektiv olacaq əlavə etimad tədbirlərinin həyata keçirilməsi ilə bağlı müzakirələri davam etdirəcəklərini bəyan ediblər. İndi ikitərəfli münasibətlərin normallaşması prosesi fasiləsiz davam etdirilməlidir, o cümlədən məhbusların oxşar şəkildə azad edilməsi kimi növbəti humanitar addımlar, habelə itkin düşmüş şəxslərlə bağlı məsələlər üzrə. Biz onların iki ölkə arasında qarşılıqlı etimadı gücləndirməyə kömək edəcək və bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləmək üçün beynəlxalq ictimaiyyətə çağırışlarına qoşuluruq. Biz erməniləri və azərbaycanlıları bu anın əhəmiyyətini dərk etməyə və regionda davamlı sülhə nail olmaq üçün səyləri dəstəkləməyə çağırırıq”, – deyə birgə qrupun bəyanatında bildirilir.
Birgə qrupa iki ölkənin vətəndaş cəmiyyəti fəalları və ekspertləri daxildir.
Ermənistandan qrupa Benjamin Poqosyan (həmməruzəçi), Conni Melikyan, Stepan Qriqoryan, Taron Hovhannisyan, Tatevik Ayrapetyant və Gevorq Melikyan daxildir.
Azərbaycandan qrupa Əhməd Əlili (həmməruzəçi), Mehman Əliyev, Şəhla İsmayıl, Gülməmməd Məmmədov, Ramazan Səmədov, Anar Vəliyev daxildir. (Turan)