Təsəvvür edin: təqvim 2035-ci ili göstərir. Yer kürəsindən yüz minlərlə kilometr uzaqda – Ayın səthində insanlar yaşayır. Onların evi adi bina deyil, qapalı kosmik modullardır. Küçələr yoxdur, pəncərədən baxanda mavi səma görünmür, gecə isə iki həftəyə qədər davam edir. Su, hava, istilik və hətta gündəlik qidalanma xüsusi sistemlər vasitəsilə təmin olunur.
Bu, fantastik filmin süjeti deyil. Bəşəriyyətin kosmosla bağlı qarşısında duran ən böyük hədəflərdən biri Ayda uzunmüddətli yaşayış məntəqəsi yaratmaqdır. NASA və digər kosmik qurumlar bunun üçün texnologiyalar üzərində işləyirlər.
Bəs insanlar Ayda necə yaşayacaq, haradan su içəcək, necə enerji əldə edəcək və sərt kosmik şəraitdə özlərini necə qoruyacaqlar?
Ayda evlər necə tikiləcək?
Ayda ilk yaşayış məntəqələri Yer kürəsindəki evlərə bənzəməyəcək. Onlar böyük ehtimalla hava keçirməyən, xüsusi təzyiq altında saxlanılan modullardan ibarət olacaq. Bu modullar bir-birinə xüsusi keçidlərlə birləşdiriləcək. Onların daxilində insan həyatı üçün zəruri temperatur, atmosfer təzyiqi və nəfəs almağa imkan verən hava təmin ediləcək.
NASA gələcək mərhələlərdə həcmi təxminən 100 kubmetr olan daha böyük yaşayış modullarının yaradılmasını və birləşdirilməsini nəzərdə tutur. Beləliklə, ilkin kiçik bazalar zamanla genişlənə bilər.
Ayda iki həftəlik gecə problemi
Ayda yaşamağın ən çətin tərəflərindən biri enerji təminatı olacaq. Ayın bir günü, yəni günəşin doğuşundan növbəti doğuşuna qədər olan müddət təxminən 29,5 Yer günüdür. Bunun təxminən 14,5 günü gündüz, 14,5 günü isə gecə olur. Bu o deməkdir ki, Günəş panelləri ilə enerji istehsalı uzun müddət məhdudlaşa bilər. Yaşayış məntəqələrinin fasiləsiz işləməsi üçün enerji ehtiyatlarının yaradılması vacibdir.
Bu məqsədlə günəş panelləri ilə yanaşı, nüvə enerji sistemlərindən də istifadə edilməsi nəzərdən keçirilir. Nüvə enerjisi uzunmüddətli gecələrdə elektrik və istilik təminatında mühüm rol oynaya bilər.
Ayda suyu haradan əldə edəcəklər?
İnsanların Ayda yaşaması üçün ən vacib məsələlərdən biri sudur. Yer kürəsindən müntəzəm olaraq su daşımaq həm bahalı, həm də texniki baxımdan çətin olacaq. Alimlərin diqqəti Ayın cənub qütbündə yerləşən və Günəş işığının heç vaxt düşmədiyi bəzi kraterlərə yönəlib. Bu ərazilərdə su buzunun mövcudluğu ehtimal edilir. Gələcəkdə xüsusi qurğular vasitəsilə həmin buzun çıxarılması və emal edilməsi planlaşdırılır. Əldə olunan sudan içmək, oksigen istehsal etmək və digər texniki ehtiyaclar üçün istifadə oluna bilər.
Bundan başqa, NASA Ayın özündəki torpaq və süxurlardan tikinti materialı kimi istifadə imkanlarını da araşdırır. Bu, Yer kürəsindən daşınmalı olan materialların həcmini azalda bilər.
Astronavtlar Ayın səthində necə hərəkət edəcək?
Ayın səthində adi geyimlə hərəkət etmək mümkün deyil. İnsanlar xüsusi skafandrlardan istifadə edəcəklər. Bu geyimlər astronavtları vakuumdan, temperaturun kəskin dəyişməsindən və təhlükəli kosmik mühitdən qoruyacaq.
Daha uzaq məsafələrə getmək üçün təzyiqli roverlərdən – xüsusi kosmik nəqliyyat vasitələrindən istifadə ediləcək. Onlar astronavtlara uzunmüddətli tədqiqatlar aparmağa imkan verəcək. Robot texnologiyaları da Ay bazasının ayrılmaz hissəsinə çevriləcək. Robotlar insanların çatmasının çətin olduğu, yaxud təhlükəli əraziləri əvvəlcədən araşdıracaq, nümunələr toplayacaq və gələcək fəaliyyət üçün məlumat hazırlayacaqlar.
Ay bazası gələcəkdə kosmik şəhərə çevrilə bilərmi?
İlk mərhələdə Ay bazası kiçik elmi-tədqiqat stansiyasına bənzəyəcək. Burada azsaylı astronavtlar yaşayacaq, elmi təcrübələr aparacaq və yeni texnologiyaları sınaqdan keçirəcəklər. Lakin zaman keçdikcə bu bazanın genişlənməsi mümkündür. Yeni yaşayış modulları, laboratoriyalar, enerji qurğuları və resursların emalı sistemləri yaradıldıqca Ayda kiçik bir kosmik qəsəbənin formalaşması üçün şərait yarana bilər.
İnsanlar burada aylarla yaşaya, işləyə, elmi araşdırmalar apara və Yer kürəsindən kənarda həyatın mümkünlüyünü öyrənə bilərlər. Ayda yaşayışın başqa bir əhəmiyyəti də var: Marsa uçuşlara hazırlıq. NASA Ayı Marsa insan göndərilməsi istiqamətində mühüm sınaq meydançası kimi nəzərdən keçirir. Burada əldə edilən təcrübə daha uzaq kosmik missiyalarda istifadə oluna bilər.
Bəşəriyyət üçün yeni dövr başlayır?
Ayda daimi yaşayış məntəqəsinin yaradılması yalnız kosmik texnologiyaların inkişafı demək deyil. Bu, insanın Yer kürəsindən kənarda yaşamaq imkanlarının sınaqdan keçirilməsidir. Təbii ki, qarşıda hələ çoxlu texniki və maliyyə çətinlikləri var. Radiasiyadan qorunma, uzunmüddətli enerji təminatı, qida istehsalı və insan sağlamlığının qorunması kimi məsələlər tam həllini tapmalıdır.
Amma bir həqiqət var: Ay artıq yalnız teleskopla müşahidə edilən səma cismi deyil. O, bəşəriyyətin gələcək yaşayış məkanlarından birinə çevrilə bilər.
Nadir Talıblı
