“Azərxalça”nın həbsdə olan sədri 30 milyon manatı mənimsəyib –

Əmlakına həbs qoyulub
21 Sentyabr 2021 - 09:29

“Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən təsisçisi olmaqla faktiki rəhbərliyi həyata keçirdiyi “Azər-İlmə” MMC-nin Bakı şəhəri ərazisində yerləşən inzibati binasının “Azərxalça” ASC-yə mövcud bazar qiymətlərindən yüksək qiymətə icarəyə verilməsi, “Azərxalça” ASC-yə məxsus pul vəsaitinin xalça istehsalı üçün nəzərdə tutulan ipin alınması üçün formal müqavilənin bağlanması yolu ilə ayrı-ayrı hüquqi şəxslərə məxsus bank hesablarına köçürülərək sonradan nağdlaşdırılması, ölkə ərazisində tikintisi həyata keçirilmiş 23 müəssisə üzrə smeta sənədlərində iş həcmlərinin və qiymətlərin əsassız olaraq şişirdilməsi, işlərin daha ucuz və keyfiyyətsiz işlərlə əvəz edilməsi və ya yerinə yetirilməməsi və digər qanunsuz üsullarla ona etibar edilmiş ümumilikdə 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talaması, habelə xüsusilə külli miqdar təşkil edən cəmi 640 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.