Xəbər verildiyi kimi, son 35 ildə ilk dəfə olaraq Azərbaycan Ermənistana neft məhsulları satışına başlayıb.
AzPost bildirir ki, bir neçə gün əvvəl SOCAR-ın istehsalı olan neft məhsulu – benzini Ermənistana göndərilib.
Dekabrın 18-i tarixində Azərbaycan Dövlət Neft Şirkəti SOCAR tərəfindən istehsal olunmuş AI-95 markalı benzindən ibarət ilk yüklü qatar Ermənistana göndərilib və artıq oraya çatıb. Bu, noyabrın 28-də Qəbələdə Azərbaycan və Ermənistanın vitse-premyerlərinin görüşündə əldə olunmuş razılaşmanın nəticəsidir. Bu dəfə Ermənistana ümumilikdə 1220 ton benzin göndərilib.
Məhsulun Ermənistan tərəfindən alıcısı məlum olub.
Bu, Ermənistanın hakim partiyasından olan deputat Sukiasyanın ailə biznesinə aid “MEGA Trade” şirkətidir. Yerli medianın yazdığına görə, Azərbaycan benzini “RAN Oil” YDM şəbəkəsi vasitəsi ilə satılacaq.
“MegaTrade” bununla bağlı açıqlama verərək bəyan edib ki, Azərbaycan istehsalı yanacağın Ermənistana idxalı bazarı şaxələndirmək, istehlakçılara daha uyğun qiymətlər təklif etmək məqsədi daşıyır.
Şirkət həmçinin təchizatın sabitliyi və qabaqcadan proqnozlaşdırılmasını prioritet hesab etdiyini əlavə edib.
Azərbaycan tərəfdən benzini satan şirkətin adı açıqlanmayıb. Ekspert İlham Şaban qeyd edib ki, SOCAR benzinin istehsalçısıdır, amma Ermənistana satılan benzinin sahibi deyil.
Qeyd edək ki, Ermənistanın idxal olunan benzinə tələbatı ildə 300 min ton təşkil edir. Ölkəyə benzin idxalının yarıdan çoxu – təxminən 60%-i Rusiyanın payına düşür. Hazırda Ermənistanda Aİ-95 benzininin orta satış qiyməti 1 litr üçün 520 dram və ya 1,36 dollar təşkil edir (litri təxminən 2,3 manat). Dizelin qiyməti isə 500 dram və ya 1,3 dollar təşkil edir (2,2 manat).