Azərbaycan Gorus-Qafan yolunda İran avtobuslarını da yoxlamağa başlayıb

Gorus-Qafan dövlətlərarası yolunda Azərbaycanın polis və gömrük işçiləri İrandan gələn təkcə yük maşınları yox, avtobusları da yoxlamağa başlayıb. Bu barədə Ermənistanın Aysor.am nəşri Gorusun merinin müavini Karo Köçəryana istinadən məlumat yayıb.

O qeyd edib ki, polis postunun yaxınlığında əhəmiyyətli qüvvələr cəmləşib.

“Azərbaycanlılar erməni maşınlarını saxlamasalar da, dayanmağa da icazə vermirlər. Bizim maşınları buraxırlar və İran nömrələri olan avtomobilləri yoxlamağa başlayırlar “, – Köçəryan əlavə edib.

Xatırladaq ki, Gorus-Qafan yolunun 20 km-dən çoxu Azərbaycan ərazisindən keçir (Qubadlı rayonunun Eyvazlı kəndi). Məhz bu ərazidə Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin xüsusi bölmələri yerləşdirilib.

Nəqliyyat vasitələrinin yoxlanılması çoxsaylı İran yük maşınlarının Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasına qanunsuz daxil olmağa başlamasından sonra başlayıb. Onların marşrutu Gorus-Qafan magistral yolundan keçir.

Sentyabrın 12-dən etibarən Azərbaycan gömrükçüləri ölkə ərazisindən keçən İran avtomobillərindən dövlət rüsumu almağa başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması ilə bağlı məsələyə aydınlıq gətirib

Sonrakı məqalə

Hesablama Palatası TƏBİB-də yoxlamalar aparıb –