Azərbaycan və Qazaxıstan dənizin altı ilə optik kabel çəkir

Qazaxıstan və Azərbaycanın telekommunikasiya operatorları Xəzərin dibi ilə Transxəzər fiber-optik kabel xəttinin çəkilməsi layihəsinə 50 milyon dollardan çox sərmayə yatırır.

Bu barədə Qazaxıstanın Rəqəmsal inkişaf, İnnovasiya və Aerokosmik sənaye naziri Jaslan Madiyev bildirib. Onun sözlərinə görə, “Qazaxtelekom” SC və “Azərtelekom” MMC arasında birgə müəssisə yaradılıb. Sualtı fiber-optik xəttin layihələndirilməsi və quraşdırılması üzrə podratçının seçilməsi üzrə tender yekunlaşmaq üzrədir.

“Xəzərin dibi ilə optik xəttin çəkilişi 370 kilometr uzunluqda olacaq. Qazaxıstan və Azərbaycanın rabitə operatorlarının investisiyaları 23 milyard tengedən (50,6 milyon ABŞ dolları) çox təşkil edir” – deyə, Madiyev bildirib.

Qeyd edək ki, Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi Azərbaycan və Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanına sahib magistral fiber-optik kabel xətlərinin çəkilməsi üzrə layihədir.

Layihədə məqsəd Xəzər dənizinin dibi ilə iri həcmli məlumatların ötrülməsinə imkan verən magistral kabel xətlərinin çəkilməsi ilə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunu (Digital Silk Way) formalaşdırmaqdır.

Əvvəlki məqalə

Qədim mayyalar qurban ayinlərində oğlan uşaqlarını qurban veriblər –

Sonrakı məqalə

Bakıda küləklə bağlı sarı xəbərdarlıq edilib