“Azərbaycan və Türkiyə hərbi qüvvələrinin Əfqanıstanda qalması riskdir” –Hikmət Çətin

“Türkiyə hərbi qüvvələrinin və Azərbaycan sülhməramlılarının Əfqanıstandakı vəziyyəti bu gün Dohada “Taliban”ın keçirəcəyi görüşlərdən asılıdır”.

Bunu Türkiyəli siyasətçi, 2003-2006-cı illərdə NATO-nun Əfqanıstanda Baş Mülki Nümayəndəsi olmuş Hikmət Çətin bildirib.

Hikmət Çətin deyib ki, bu ayın sonuna qədər türkiyəli və azərbaycanlı hərbiçilərin Əfqanıstan İslam Respublikasında fəaliyyət hüququ var: “Hazırda Türkiyə daxil bütün xarici qüvvələr iki beynəlxalq qərara əsasən Əfqanıstandadırlar. 11 sentyabr 2001-ci ildə ABŞ-da iki qülləli binada törədilən terror aktından sonra BMT-nin Təhlükəsizlik Şurası və NATO Əfqanıstanda təhlükəsizliyin təmininə qərar verdi. ABŞ və NATO bu ayın sonuna qədər Əfqanıstandan çəkiləcək. Ona görə də ay sonundan sonra əgər “Taliban” Türkiyə hərbiçilərinin Əfqanıstanda qalmasını istəməsə, hər iki ölkə üçün təhlükə riski var”.

NATO-nun “Qətiyyətli Dəstək” missiyası tərkibində Əfqanıstanda xidməti vəzifəsini icra edən Azərbaycanın Kabil beynəlxalq hava limanında Türkiyəyə dəstək verməsini də yüksək qiymətləndirən Hikmət Çətin bildirib ki, 6 ildir Türkiyə hərbi qüvvələri Kabil beynəlxalq hava limanında təhlükəsizliyi təmin edir: “Bu, addım həm də Azərbaycanın Türkiyəyə növbəti bir qardaşlıq və dəstək jestidir. Kabil beynəlxalq hava limanını “Taliban” yaraqlılarından dan qorumaq Türkiyənin NATO çərçivəsində missiyasıdır. Amma bundan sonra kimdən qoruyacaq? Ona görə bu məsələnin də yenidən dəyərləndirilməsi lazımdır. Qətərdə olan görüşdə bu məsələ də müzakirə oluna bilər”.

Siyasətçi deyib ki, Əfqanıstanda Türkiyə ilə bağlı vəziyyət avqustun 15-dən sonra dəyişib: “Dünəndən etibarən vəziyyət dəyişdi. Əslində bu, bir həftə içində gözlənilən idi. Çünki “Taliban” bütün cəhdlərə rəğmən mövcud hökumətlə bir araya gəlib müqavilə imzalamadı. Qarşısında illərlə təlim alan 300 minlik ordunun darmadağın olduğunu, silahlarını belə təslim etdiklərini görüb, heç bir maneə ilə rastlaşmadığı üçün hədəfinə çatdı. “Taliban” yaraqlılarının hədəfi meydanda bütün nəzarəti ələ keçirərək daha güclü olmaq idi. Buna nail oldu. Əfqanıstan Prezidenti ölkəni tərk etdi. Türkiyə isə əfqan hökuməti ilə görüşəcəkdi. Bu baxımından Türkiyə üçün də yeni dönəm başlayır. “Taliban”ın siyasi və hərbi qolu mövcuddur. Siyasi qolu qarşılıqlı anlaşmaya tərəfdardır və Əfqanıstana iqtisadi baxımdan dəstək verilməsini istəyir, amma hərbi qolu heç bir xarici qüvvənin Əfqanıstanda olmasını istəmir. Hazırda Dohadakı görüşlərdə “Taliban” son dərəcə güclüdür, çünki ortada bir dövlət yoxdur, onlar öz şərtlərini daha rahat şəkildə diqtə edə bilərlər”.

Siyasətçi bütün bunlara rəğmən Türkiyənin bölgədə böyük nüfuza malik olduğunu vurğulayıb: “Taliban” şimali Pakistandakı mədrəsələrdə cihadçı, peştun kökənli tələbələrdən yetişdi. Ona görə də Pakistanın siyasi dəstəyi olmadan “Taliban”la yaxşı əlaqələr qurmaq çətindir. Pakistanla Əfqanıstanı isə bir araya gətirən ölkə Türkiyədir. Əfqanıstanın Türkiyəyə Atatürk dönəmindən tarixdən gələn bir simpatiyası var. Eləcə də Pakistanla Türkiyənin yüksək səviyyədə əməkdaşlıq əlaqələri mövcuddur. Amma Türkiyə xarici işlər və diplomatlar səviyyəsində dəfələrlə danışıqlara getsə də “Taliban” xarici qüvvələrin Əfqanıstanda qalması ilə bağlı razılığa gəlmədi”.

Hazırda isə “Taliban”ın xarici qüvvələrin Əfqanıstanda qalmasına tərəfdar olacaqları, qadınlara təhsil və işləmək hüququ veriləcəyi, kimsənin mal-mülkünə toxunulmayacağı vədini siyasətçi aldadıcı hesab edir: “Mən tanıdığım qədərilə “Taliban” sonda yenə əvvəlki mövqeyində olacaq. 20 il öncə Əfqanıstandakı şəriət qanunlarını yenə qüvvəyə mindirəcək, bunun də ən ağır zərbəsi qadınlara dəyəcək. İndidən belə çox pis nümunələr görünməyə başlanır. Digər tərəfdən, Əfqanıstan izolə olunmuş terror təşkilatlarının – “Əl-Kaidə”nin, İŞİD-in və digər radikal islami terror təşkilatlarının toplaşacağı bir ölkə halına gələ bilər ki, bu da dünya ölkələri üçün təhlükədir”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyeva Kəlbəcər və Laçına səfərləri ilə bağlı paylaşım edib –

Sonrakı məqalə

“Əfqanıstanın siyasi rəhbərliyi qaçdı” –