Azərbaycan və Çin vətəndaşları üçün qarşılıqlı vizasız səfərlər yaxın günlərdə reallaşacaq. AzPost xəbər verir ki, Milli Məclisin bugünkü iclasında bu məsələ ilə bağlı mühüm qərar qəbul olunub. Belə ki, deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına sahib vətəndaşların vizadan azad olunması haqqında Saziş”i təsdiqləyiblər.
Qanun layihəsi iclasda müzakirəyə çıxarıldıqdan sonra deputatlar tərəfindən dəstəklənib və bir oxunuşda qəbul edilib. Sənədin təsdiqlənməsi ilə iki ölkənin vətəndaşları səfərlər zamanı artıq viza rüsumu və prosedurlarından azad olunacaqlar.
Qeyd edək ki, bu addım Azərbaycanla Çin arasında diplomatik və iqtisadi münasibətlərin daha da güclənməsinə, xüsusilə turizm və işgüzar əlaqələrin genişlənməsinə töhfə verəcək. Ekspertlər hesab edirlər ki, qarşılıqlı vizasız rejim təkcə turizm sektorunda deyil, həm də ticarət, mədəniyyət və təhsil sahələrində əlaqələrin intensivləşməsinə səbəb olacaq.
Bu qərarla Azərbaycan vətəndaşları Çinə, eləcə də Çin vətəndaşları Azərbaycana daha rahat və sərbəst səfər edə biləcəklər. Saziş qüvvəyə mindikdən sonra tərəflər qarşılıqlı səfərlərlə bağlı yeni imkanlardan yararlana biləcəklər.