2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac etdiyi məhsulların siyahısı açıqlanıb.
Valyuta.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın aprel buraxılışına istinadən xəbər verir ki, siyahının zirvəsində bu dəfə qızıl yer alıb.
İlin ilk dörd ayında qızıl ixracından əldə olunan gəlir 95,4 milyon ABŞ dolları təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu rəqəm cəmi 31,4 milyon dollar idi. Bu isə qızıl satışında təqribən 3 dəfəlik artım deməkdir.
İkinci pillədə 74,7 milyon dollarla pomidor (tomat) qərarlaşıb. Ötən ilin müvafiq dövründə bu məhsul üzrə ixrac gəliri 71,2 milyon dollar təşkil edib. Beləliklə bu məhsul üzrə ixrac gəlirində nisbətən artım müşahidə olunub.
Üçüncü yerdə isə 63,5 milyon dollarla karbamid yer alıb. Bu məhsul üzrə gəlir ötən illə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb – belə ki, 2024-cü ilin ilk dörd ayında karbamid ixracı yalnız 33 milyon dollar qazandırmışdı.
Siyahının dördüncü pilləsində pambıq qərarlaşıb. Bu il 61,6 milyon dollar gəlir gətirən pambıq ötən il daha çox – 78,3 milyon dollarla çıxış etmişdi.
Beşinci sırada isə meşə fındığı yer alıb. Fındıq ixracından 2025-ci ilin ilk dörd ayında 53,4 milyon dollar gəlir əldə olunub ki, bu da ötən ilin 40,8 milyon dollar göstəricisi ilə müqayisədə artım deməkdir.