Azərbaycanlılar Türkiyədə ev almağa niyə üstünlük verir? –Qardaş ölkədə mənzilin qiyməti neçəyədir?

Azərbaycan vətəndaşları Türkiyədə mənzil almağa üstünlük verməyə başlayıb.

Bu ilin may ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 47 daşınmaz əmlaka sahib olublar. Türkiyə Statistika İdarəsinin məlumatına görə, azərbaycanlılar sayca Türkiyədə ev alan xaricilərin sırasında 9-cu yerdə qərarlaşıb.

Ötən ilin müvafiq dövründə azərbaycanlılar Türkiyədən 42 mənzil alıblar.

Maraqlıdır, azərbaycanlıların Türkiyə bazarına axın etməsinin əsas səbəbi nədir və qardaş ölkədə mənzil sahibi olanlar əsasən əhalinin hansı təbəqəsini təşkil edir?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu mənzillərin əksəriyyətini də Türkiyədə yaşayan, işləyən vətəndaşlarımız alıb: “Bundan başqa, övladı orada təhsil alanlar, burada evi, hər şeyi olub orada işləyənlər də Türkiyənin mənzil bazarına axın edir. Övladları Türkiyədə oxuyan imkanlı adamlar düşünürlər ki, orada kirayədə qalmaqdansa, ev alsalar daha yaxşı olar”. 

Ekspertin sözlərinə görə, Türkiyə xarici vətəndaşların daha asan şəkildə orada ev sahibi ola bilməsi üçün bir sıra qanunları dəyişib: “Əvvəllər xarici ölkə vətəndaşının Türkiyədə əmlak alması qaydaları çox çətin idi. Torpaq sahəsini isə ancaq Türkiyə vətəndaşı ala bilərdi. Lakin qanunlara dəyişiklikdən sonra Tükiyənin daşınmaz əmlak bazarına milyardlarla axın gəldi ki, bu axının böyük qisminin də biz daha çox ərəb ölkələrindən olduğunu görə bilərik. Türkiyə bir dövlət kimi bu vəziyyətdən çox bəhrələndi”.

Pandemiya ilində daşınmaz əmlak bazarında ən çox qiymət artımı olan ölkə Türkiyə olub. Türkiyədə son bir ildə mənzillərin qiymətində 30 faizədək artım olub. Mənzil qiymətlərinin artımına görə, Türkiyədən sonrakı yerdə Yeni Zelandiya və Lüksemburq dayanıb. Bundan başqa, Türkiyədə əcnəbilərə daşınmaz əmlak satışının kəmiyyətində də artım olub – son 4 ayda 19 faizədək.

Türkiyədə 100 kvadratmetrlik 3 otaqlı evlərin qiyməti təxminən 130-145 min Türk Lirəsi arasında dəyişir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əlillik hansı hallarda həmişəlik təyin olunacaq? –

Sonrakı məqalə

DİN onlayn fırıldaqçılarla bağlı vətəndaşlara müraciət etdi: