Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Yardımın göndərilməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il 16 yanvar tarixli Sərəncamına əsasən Energetika Nazirliyi tərəfindən təmin edilib.
Humanitar yükün tərkibinə ümumilikdə 12 ədəd alçaq gərginlik paneli, 11 ədəd generator, 5 ədəd transformator və 27 min metr kabel və naqil daxildir. Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən yardımın ümumi dəyəri 1 milyon dollardır.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Ölkəmizin Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 45 milyon dolları keçib.