“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan ilkin araşdırmaların nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın bir sıra şəhərlərinə uçuşları 28 dekabr 2024-cü il tarixindən yekun araşdırma başa çatana qədər Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırır.
AZAL-ın Mətbuat xidmətindən bildirilib ki, uçuşların dayandırıldığı hava limanları aşağıdakılardır:
• Mineralnıye Vodı
• Soçi
• Volqoqrad
• Ufa
• Samara
• Qroznı
• Mahaçqala
Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdi.
Təhlükəsizlik səbəbindən qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilmişdir.
Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.
Bununla yanaşı, aviaşirkət bütün uçuş təhlükəsizliyi tələbləri və qaydaları rəhbər tutaraq Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşları davam etdirəcək.
**
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiya istiqamətinə həyata keçirilən uçuşlarla bağlı qərar qəbul edəcək.
AzPost bu barədə AZAL-a istinadən xəbər verir.
“Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq”, – deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb. Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.