“Azərbaycan ABŞ-İran müharibəsinə qoşulmayacaq” –ZƏRDÜŞT ƏLİZADƏDƏN PROQNOZLAR

“ABŞ və İran arasında müharibə ehtimalı yüksəkdir”.

AzPost bildirir ki, bu barədə politoloq Zərdüşt Əlizadə “Teleqraf” İnformasiya Agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, çox ciddi hazırlıqlar görülüb: “Trampın addımları və qərarları da bunu edəcəyi ehtimalını gücləndirir. Ümumiyyətlə, Tramp ağlasığmaz addımlar atmağa başlayıb və bunların da ağır fəsadları olur. Tramp gözlənilmədən beynəlxalq iqtisadi nizamı pozdu, indi də İranı müharibə ilə hədələyir”.

Z. Əlizadənin sözlərinə görə, Tramp İrana qarşı elə tələblər qoyub ki, heç bir dövlət dağılmamış və məhv olmamış bunları yerinə yetirə bilməz: “Tramp İranın daxili və xarici siyasətini Amerikanın maraqlarına uyğun dəyişdirmək istəyir. Tehrana görə də, bunlar mümkünsüzdür. Bu səbəbdən də müharibə ehtimalı yüksəkdir. İran hakimiyyəti də bunu anlayır, buna görə də bütün qüvvələrini səfərbər edir. Tehran hesab edir ki, ABŞ və İran müharibəyə getsə, onların Yaxın Şərqdəki mövqelərinə zərbələr endirəcək”.

Politoloqun fikrincə, İrandakı hədəfləri Amerika üçün əlçatandır. Amerikanın ərəb ölkələrində – Bəhreyn, Oman, Küveyt, Səudiyyə Ərəbistanı, İraq və Suriyada hərbi bazaları var. Yəni Amerika İranı vura bilər. Nə qədər itkinin olacağı ayrı məsələdir, amma Amerika hərbi cəhətdən İrandan qat-qat güclüdür və ona güclü zərbələr endirə bilər: “İrana hücum neftin qiymətini ağlasığmaz səviyyəyə qaldıracaq. Neftin daşınması yollarında ciddi maneələr yarana bilər. İran körfəzdə gəmilərini batırmaqla hədələyib. İndi hər şey Amerika daxilindəki qüvvələrin Trampın qarşısını alıb-almayacaqlarından asılıdır”.

Z.Əlizadə müharibənin regiona təsiri barədə də danışıb: “ABŞ-İran müharibəsinin Azərbaycana bir o qədər təsiri olmayacaq. Çünki Azərbaycanın quru sərhədləri bağlıdır. Hava üzərindən nə qədər adam gələ bilər? 100-200-500… Bundan artığı olmayacaq. Azərbaycan müharibəyə qoşulmayacaq. Çünki bunun ona dəxli yoxdur. Əlbəttə, qonşu mənzildə yanğın baş verirsə, bunun müəyyən qədər bizə də mənfi təsiri ola bilər. Neft qiymətlərinin artması Azərbaycanın xeyrinədir, amma İranda böyük dağıntı və itkilər bizə ziyandır. Çünki İran qonşuluqda yerləşir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.