“Azercell Telekom” MMC növbəti qiymət dəyişikliyi ilə gündəmə gəlib. AzPost xəbər verir ki, mobil operator bu dəfə “Busuu” tətbiqi çərçivəsində təqdim etdiyi günlük xidmətin tarifində artıma gedir. Məlumata əsasən, istifadəçilər 30 iyun 2025-ci ildən etibarən bu xidmət üçün 0,35 AZN ödəməli olacaqlar.
Qeyd edək ki, hazırda “Busuu” tətbiqi üçün günlük abunə haqqı 0,25 AZN təşkil edir. İstifadəçilər aylıq abunə paketini isə 3,5 AZN ödəməklə aktivləşdirə bilirlər. Yeni tarifin tətbiqi ilə günlük xidmət haqqı 0,10 AZN bahalaşacaq.
“Busuu” beynəlxalq səviyyədə populyar olan dil öyrənmə platformasıdır və istifadəçilərə müxtəlif dillərdə onlayn dərslər və interaktiv məşğələlər təqdim edir. “Azercell” şirkəti isə bu tətbiqin Azərbaycanda mobil operator üzərindən aktivləşdirilməsini təmin edən əsas tərəfdaşlardan biridir.
Şirkətdən bildirilib ki, qiymət dəyişikliyi xidmət keyfiyyətinin artırılması və əməliyyat xərclərinin optimallaşdırılması məqsədi ilə həyata keçirilir. Lakin qiymət artımı abunəçilər arasında birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə mövzu ilə bağlı istifadəçilər arasında narazılıq və müzakirələr başlayıb.
Xatırladaq ki, bu, “Azercell”in son aylarda tətbiq etdiyi ilk qiymət artımı deyil. Bundan əvvəl şirkət bəzi internet və danışıq paketlərində də tarif dəyişiklikləri etmişdi. Ekspertlər hesab edir ki, mobil operatorların qiymət siyasətindəki dəyişikliklər yaxın aylarda digər xidmətlərə də təsir edə bilər.