Mobil operator Azercell abonentə qarşı haqsız addım atmaqda ittiham olunur. AzPost xəbər verir ki, sosial şəbəkə istifadəçisi Orxan Əhmədov bildirib ki, aylıq tarif paketinin müddəti bitdiyi üçün ayrıca ödəniş etdiyi internet paketi də operator tərəfindən bloklanıb.
Abonent qeyd edib ki, sözügedən internet paketi aylıq tarifdən asılı olmayaraq ayrıca ödənişlə alınıb, onun istifadə müddəti və həcmi ayrıca göstərilib və paket üzrə istifadəyə tam hüququ var. Buna baxmayaraq, tarifin bitməsi əsas gətirilərək internetə çıxışın məhdudlaşdırılması istehlakçı hüquqlarının açıq pozulması kimi dəyərləndirilir.
Məsələ ilə bağlı abonent Azercell-in bu yanaşmasını qəbuledilməz adlandıraraq, şirkətin müştərilərə qarşı daha şəffaf və ədalətli davranmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, istehlakçıya satılan xidmət müqavilə şərtlərinə uyğun şəkildə və tam həcmdə təqdim edilməlidir. Qanuna görə, ödənişi edilmiş xidmətin əsassız şəkildə dayandırılması və ya məhdudlaşdırılması istehlakçının hüquqlarının pozulması hesab olunur.
Həmçinin qanunvericilikdə istehlakçının aldığı xidmət barədə dolğun və dəqiq məlumatlandırılması, eləcə də müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinin yolverilməz olduğu açıq şəkildə göstərilir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.