Azercell-in Asanİmza xidməti ilə bağlı sosial şəbəkələrdə narazılıq doğuran paylaşım edilib. AzPost xəbər verir ki, istifadəçi son aylarda xidmətin aylıq ödənişində kəskin artım olduğunu və bununla bağlı əvvəlcədən açıq məlumat verilmədiyini iddia edir.
Paylaşımda bildirilir ki, daha əvvəl Azercell Asanİmza xidmətindən istifadə edən abunəçilər ayda 2 manat 50 qəpik ödəməklə nömrəni aktiv saxlaya bilirdilər. İstifadəçinin sözlərinə görə, son bir neçə ay ərzində bu məbləği ödəməsinə baxmayaraq, nömrə aktiv qalmayıb və zənglər üçün bağlanıb. O qeyd edir ki, Asanİmza nömrəsi gündəlik istifadə olunmadığı üçün problem dərhal nəzərə çarpmayıb.
Şikayətçi bildirir ki, məsələni aydınlaşdırmaq üçün *6050 nömrəsi ilə əlaqə saxlayıb və operator ona Azercell Asanİmza nömrəsinin bir ay aktiv qalması üçün 6 manat 40 qəpik ödəniş tələb olunduğunu bildirib. Onun iddiasına görə, bu, əvvəlki 2 manat 50 qəpiklik tariflə müqayisədə 3 manat 90 qəpik artım deməkdir və qiymət faktiki olaraq iki dəfədən çox yüksəlib.
İstifadəçi paylaşımında bu bahalaşmanı digər xidmət və məhsullardakı qiymət artımları ilə müqayisə edərək, Asanİmza xidmətindəki artımın xüsusilə kəskin olduğunu vurğulayıb. O qeyd edib ki, bu səbəbdən Azercell Asanİmza xidmətindən imtina edərək digər mobil operatorların təqdim etdiyi alternativlərdən istifadə etməyi planlaşdırır.