Mobil internet istifadəçiləri arasında son zamanlar ən çox səslənən narazılıqlardan biri – paketlərin sürətlə tükənməsi ilə bağlıdır.
Azercell abunəçisi Sənan Səməd AzPost-a açıqlamasında bildirib ki, son iki ay ərzində aldığı 5 GB-lıq internet paketi 2 gündən az müddətdə bitir:
“İnterneti əsasən yalnız Instagram, Facebook və WhatsApp-da istifadə edirəm. Hətta bu tətbiqlərin əlavə paketini də almışam. iOS-un arxa planda işləyən bütün funksiyaları, foto yenilənmələri bağlamışam. Amma yenə də eyni vəziyyətdir – əvvəl 95% qalıb mesajı gəlir, bir neçə saniyə sonra isə 100% bitdiyi haqda bildiriş gəlir. Halbuki illərdir eyni paketi alıram və əvvəllər belə olmurdu”.
Şikayətçi hesab edir ki, son aylarda mobil internetin sürətlə azalması istifadəçilərdə ciddi narazılıq yaradır: “Adamı bu cür problemlər internetdən istifadə həvəsindən salır. Digər abunəçilərin şikayətlərinə də baxmışam, eyni vəziyyətdir, amma rəsmi cavablar gerçəkliklə üst-üstə düşmür”.
Qeyd edək ki, sosial şəbəkələrdə də son dövrlər mobil operatorlardan internet paketlərinin tez bitməsi ilə bağlı çoxsaylı şikayətlər paylaşılır.
