Azercell-ə etiraz böyüyür: İstifadəçilər boykot çağırışı edir

Azercell Telekom
Azercell Telekom

Azərbaycanda mobil rabitə bazarının ən böyük operatorlarından biri olan Azercell müştərilərinin kəskin narazılığı ilə üz-üzə qalıb. Son günlər sosial şəbəkələrdə vətəndaşların kütləvi şəkildə şirkətə qarşı etirazları yayılır və istifadəçilər Azercell-ə boykot çağırışları edirlər.

AzPost xəbər verir ki, narazılığa səbəb mobil tariflərdə tətbiq edilən yeni qaydalar və balans siyasətidir. İstifadəçilər bildirir ki, artıq tarifdən istifadə etmək üçün yalnız tarif qiymətini yox, əlavə olaraq balansda minimum 5 AZN vəsait saxlamaq məcburiyyətində qalırlar. Əgər bu məbləğ hesaba əlavə edilməzsə, xətt birtərəfli bağlanır və istifadəçi rabitə imkanından məhrum olur.

Vətəndaş Emil Əliyev sosial mediada yazdığı statusda məsələyə sərt reaksiya verərək bildirib: “Deməli, hər ay 2 AZN-lik tarifdən istifadə edən şəxs balansına minimum 5 AZN yükləməlidir. 2 AZN tarifə çıxacaq, qalan 3 AZN balansda qalacaq. Bu məbləğ belə hər ay toplanacaq və sonda hara gedəcəyi məlum olmayacaq.”

Digər istifadəçi Ramil Fərzili isə hesab edir ki, Azercell-in bazardakı dominant mövqeyinə görə bu cür “özbaşınalıq” baş verir: “51,3% bazar payı olduğuna görə istədiyini edir. Kütləvi boykot etmək lazımdır.”

Azercell-in rəsmi səhifəsində etiraz səslərinə qarşılıq olaraq standart cavablar paylaşılır. Şirkət nümayəndələri yalnız “narazılığınız qeydə alınıb” bildirişi ilə kifayətlənir. Vətəndaşlar isə bu yanaşmadan qane olmadıqlarını və real dəyişikliklər gözlədiklərini bildirirlər.

Vəziyyətdən narazı qalan Fatma Alı adlı istifadəçi qeyd edib: “Deyəsən istəyirlər ki, nömrələrdən birdəfəlik imtina edək, internet və messencerlərlə əlaqə saxlayaq.”

Ekspertlər isə vəziyyəti ölkədə mobil rabitə sektorunda rəqabətsizlik və tənzimləyici qurumların passivliyi ilə əlaqələndirirlər. Bildirilir ki, qiymətlərin eyni vaxtda artması və oxşar şərtlərin tətbiqi rəqabət prinsipinə ziddir və istifadəçilərin seçim imkanlarını məhdudlaşdırır.

Hazırda sosial şəbəkələrdə “Azercell boykot olunsun”, “Nömrəni dəyiş” kimi çağırışlar sürətlə yayılır. İstifadəçilər alternativ mobil operatorlara keçid etməyə və Azercell-in xidmətlərindən imtina etməyə çağırır.

Azercell tərəfdən isə buna cavab olaraq bəzi media orqanlarında “Azercell abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır” başlıqlı press-reliz dərc olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.