Azıx mağarası da işğaldan azad olundu

09 Noyabr 2020 - 14:32

Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Azıx kəndinin işğaldan azad olunduğunu bildirib.

Azıx kəndinin işğaldan azad olunması həm də həmin yaşayış məntəqəsində yerləşən dünya əhəmiyyətli arxeoloji abidə – ilk insan məskənlərindən biri olan Azıx mağarasının Azərbaycanın nəzarətinə keçməsi deməkdir.

Qeyd edək ki, Ermənistan alimləri bir müddət Xocavənd rayonunun Azıx və Salaketin kəndləri arasında, Quruçay çayının sol sahilində yerləşən Azıx mağarasında qanunsuz tədqiqat işləri apararaq, bu maddi mədəniyyət nümunəsini dünyaya öz abidələri kimi təqdim edirdilər.

Xatırladaq ki, Azıx mağarası 1960-cı ildə arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən aşkar olunub. Burada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilib.
Mağarada qazıntılar zamanı neandertal insanın alt çənə sümüyü və 2 dişi aşkar olunub. Belə tapıntılar dünyanın yalnız 4 nöqtəsində – Siri Əbdürrəhman (Mərakeş), Ştenheym (Almaniya), Spanokombe (İngiltərə) və Sediya-del Diabolone (İtaliya) tapılıb.

Azıx mağarası neandertal insanın ilkin görkəmini bərpa etmək baxımından önəm kəsb etməklə yanaşı, Azərbaycan ərazisinin ibtidai insanlar tərəfindən yüz min illər öncədən məskunlaşdığını sübut edir.

Mağarada nəhəng maral, kərkədan, tülkü, canavar, tısbağa və s. qalıqları tapılıb. Azıx mağarası bir neçə geniş zaldan və onlar arasında dar dəhlizdən ibarətdir. Ən böyük zalın 3 min kvadtar metr sahəyə malik olduğu məlumdur. Sonuncu nadir tapıntılar arasında yaşı 7 min ilə gedib çıxan insan dişini qeyd etmək olar.

Neolit dövrünün öyrənilməsi baxımından çox böyük əhəmiyyətə malik mağara 2001-ci ildən Ermənistan arxeoloqlarının, Böyük Britaniya, İspaniya, İrlandiya və Hollandiyadan gələn alimlərin araşdırma meydanına çevrilmişdi.

Erməni alimi Levon Yepiskopyanın başçılığı altında işləyən “tədqiqat qrupu” – İspaniyanın Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo, London Təbiətşünaslıq Muzeyinin elmi işçisi Piter Endryu və bu “layihə”nin “rəhbəri” Tnaya Kinq Azıx mağarasında əldə edilən nadir tapıntıları Londona və Yerevana aparıblar.

Azərbaycan qanunlarını pozduqları üçün onlar 2016-cı ildə Azərbaycan Baş Prokurorluğu tərəfindən qaldırılan cinayət işlərinə əsasən, beynəlxalq axtarışa veriliblər.