“Azərişıq” dövlətin qanunlarını pozan şirkətləri niyə milyonluq layihələrlə “mükafatlandırır?”

Azərişıq
Azərişıq

“Azərişıq” ASC dövlət vəsaiti hesabına həyata keçirilən iri layihələrdə təkrarən ciddi əmək pozuntusu ilə gündəmə gəlmiş şirkəti seçib. AzPost xəbər verir ki, “Harmony Industrial Construction and Engineering Group” MMC bu dəfə Ağdərə və Suqovuşan yarımstansiyaları arasında 35 kV-luq elektrik xəttinin çəkilişini üzərinə götürəcək. Layihənin ümumi dəyəri 4 milyon 76 min 662 manatdır.

Sual yaranır: əmək hüquqlarını pozduğu rəsmi şəkildə təsdiqlənmiş bir şirkətə necə yenidən etibar göstərilə bilər?

2024-cü ilin oktyabrında “Harmony Industrial” MMC-yə əmək müqaviləsi olmadan fiziki şəxsləri işə cəlb etdiyinə görə Dövlət Əmək Müfəttişliyi tərəfindən inzibati protokol tərtib olunmuşdu. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə şirkətə iyirmi min manatdan artıq cərimə tətbiq edilib.

Bu protokoldan cəmi bir neçə ay sonra həmin şirkətin yenidən milyonluq tenderə sahiblənməsi hüquqi mexanizmlərin işə yaramadığı, ya da nizam-intizamın kağız üzərində qaldığı qənaətini gücləndirir.

Qanuni təmsilçisi Orucov Əlövsət Bilal oğlu olan “Harmony Industrial” MMC təkcə bu layihə ilə gündəmə gəlməyib. 2019–2023-cü illər arasında şirkət “Azərişıq” ASC ilə üç iri müqavilə bağlayıb. Ümumi dəyəri 10 milyon 376 min 913 manat olan bu müqavilələrə aşağıdakılar daxildir:

  • 2023-cü ildə 7.1 milyon manatlıq Ağdam, Xocavənd və Kəlbəcər layihələri

  • 2022-ci ildə 934 min manatlıq Ərdəşəvi xətləri və 2.3 milyon manatlıq Pircahan məntəqəsi layihəsi

Qeyd edək ki, “Azərişıq” ASC-nin son 6 ayda həyata keçirdiyi tenderlərin ümumi mənzərəsi də narahatlıq doğurur. Rəsmi açıqlamalara və açıq mənbələrə əsasən, bu dövrdə Kəlbəcər, Xocavənd, Zallar, Yanşaq, Çaykənd və digər istiqamətlərdə çoxsaylı elektrik infrastruktur layihələri üzrə tenderlər keçirilib. Yalnız bir layihənin – Ağdərə–Suqovuşan xəttinin dəyəri 4 milyon manatdan çoxdur. Belə layihələrin sayı və miqyası nəzərə alındıqda, 2025-ci ilin əvvəlindən bəri ayrılan vəsaitin ümumi məbləği ən azı 10 milyon manatı keçir.

Bütün bu rəqəmlər, müqavilələr və təcrübə fonunda bir sual açıq qalır: əmək qanunvericiliyini pozmuş şirkətləri “Azərişıq” niyə milyonluq layihələrlə mükafatlandırır?

Qarşı tərərfin möqeyini dərc etməyə hazırıq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.