Bərbərxana və gözəllik salonlarında müştəridən COVID pasportu tələb edilməyəcək

26 İyul 2021 - 19:38

Sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

Bununla da şadlıq sarayları və sağlamlıq-idman komplekslərindən sonra ictimai iaşə müəssisələri, mehmanxanalar və iri ticarət mərkəzlərinə də müştərilərin daxil olması yalnız COVID-19 pasportu ilə mümkün olacaq.

Yaşı 18-dən yuxarı olan şəxslərin yalnız COVID-19 pasportu təqdim etdiyi halda xidmətlərindən istifadə edə biləcəyi ictimai iaşə müəssisələri restoran və kafelərdir. Bərbərxanalar və gözəllik salonları isə bu sıraya daxil deyil. Çünki gözəllik salonları və bərbərxanalar kafe və restoranlar kimi eyni anda insanların kütləvi xidmətlərindən istifadə etdiyi məkanlar deyil.

Ancaq qərara əsasən, 1 sentyabr tarixindən etibarən bərbərxana və gözəllik salonlarının işçilərinin ən azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.