Həkimlər Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsmada kəskin leykemiya (ağ qan xəstəliyi) aşkar ediblər.
Azpost.info bildirir ki, bu barədə Suriya prezidentinin aparatı məlumat yayıb.
Açıqlamada qeyd olunur ki, Suriyanın birinci xanımında əvvəlcə xəstəliyin bir neçə simptomu və kliniki əlaməti olub. Bir sıra analiz və müayinələrdən sonra mütəxəssislər leykoz diaqnozu qoyublar.
Əsma Əsədə “sosial məsafəyə” riayət etmək göstərişi verilib. Müalicə zamanı ona ictimai tədbirlərdə iştirak qadağan edilib.
2018-ci ildə Əsma Əsədə erkən mərhələdə bədxassəli döş şişi diaqnozu qoyulmuşdu. Həkimlər bir il sonra onu uğurla çıxardılar. 2019-cu ildə Suriya prezidentinin ofisi Əsma Əsədin xəstəliyə qalib gəldiyini elan etmişdi.