Xroniki yorğunluq, daimi narahatlıq və səbəbi aydın olmayan ağrılar son illər bir çox insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Mütəxəssislərin fikrincə, insanlar çox vaxt yalnız məntiqlə yaşamağa öyrəşir və bədənlərinin verdiyi siqnalları görməzlikdən gəlirlər. AzPost Life.ru-ya istinadla xəbər verir ki, klinik psixoloq və psixologiya üzrə fəlsəfə doktoru Alena Savçuk məhz bu yanaşmanın stress və emosional yanmaya yol açdığını bildirib.
Psixoloqun sözlərinə görə, insan bədənini çox zaman işə mane olan bir “əlavə yük” kimi qəbul edir. Halbuki sıxılan sinə, kilidlənmiş çənə, qarın və ya bel nahiyəsində yaranan ağrılar insan özünün yorulduğunu, əsəbi və ya gərgin olduğunu qəbul etməzdən xeyli əvvəl ortaya çıxır. Bu əlamətlər bədənin ilk xəbərdarlıq siqnallarıdır.
Alena Savçuk izah edir ki, bədəndə yaranan bir çox narahatlıq hissi əslində basdırılmış emosiyaların ifadəsidir. Məsələn, gərgin çənə tutulmuş qəzəbə və deyilməmiş sözlərə işarə edə bilər. Qarında ağırlıq və ya diskomfort daxili qəbul olunmayan vəziyyətlərlə əlaqəli olur. Çiyinlərin gərginliyi adətən üzərinə həddindən artıq məsuliyyət götürən insanlarda müşahidə edilir.
Sinə nahiyəsində sıxılma hissi çox vaxt güclü narahatlıqla bağlı olur. Bel ağrıları isə insanın özünü dayağı və dəstəyi olmayan vəziyyətdə hiss etməsinin göstəricisi ola bilər. Psixoloq qeyd edir ki, bu siqnallara məhəl qoyulmadıqda insan “avtopilot” rejiminə keçir, nəfəs alması səthi olur və əzələlər hətta yuxu zamanı belə boşalmır.
Mütəxəssisin fikrincə, bu vəziyyət uzun müddət davam etdikdə xroniki yorğunluğa, davamlı ağrılara və psixoloji tükənməyə səbəb olur. Buna görə də bədənin verdiyi siqnalları vaxtında dinləmək və emosional yüklənməni azaltmaq vacib hesab edilir.