Bu gün işləyən gənc valideynlər üçün uşaqlarını bağçaya qoya bilmək böyük problemdir.
Ölkədə məktəbəqədər uşaq müəssisələri bu baxımdan ciddi yer problemi yaşayır. Valideynlər üçün isə övladına nəzarət, təhlükəsizlik və qayğı vacibdir.
Ölkədə özəl bağçalar, dayəlik sistemi olsa da dövlət tabeliyində olan bağçalar daha çox diqqət çəkir. Çünki özəl bağçalarda yüksək məbləğlər orta yaşayış səviyyəsinə malik vətəndaşlar üçün əlçatmazdır.
2024-cü ilin məlumatlarına əsasən, Azərbaycanda 17 yaşadək uşaqların sayı təxminən 2 milyon 634 min nəfər təşkil edir .
Ötən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 102,310 doğulan körpə qeydə alınıb.
2024-cü ilin məlumatlarına əsasən, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçalarında) təhsil alan uşaqların sayı təxminən 125,300 nəfər təşkil edir. Bu uşaqlardan 119,800 nəfəri dövlət bağçalarında, qalanı isə özəl bağçalarda təhsil alır .
Ölkə üzrə ümumilikdə 1,828 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, bunların 1,691-i dövlətə, 137-si isə özəl sektora məxsusdur .
Azərbaycanda uşaqların sayı və tələbat nəzərə alınmaqla, Bakıda və ölkənin digər ərazilərində dövlət məktəbəqədər təhsil müəssisələrinin sayı artırılması səslənən təkliflər sırasındadır.
Ekspertlər hesab edir ki, problemi aradan qaldırmaq üçün çıxış yolları var. Bu təkliflər sırasında bələdiyyə uşaq bağçalarının yaradılması təşəbbüsü diqqət çəkir. Bələdiyyələrin qanuni olaraq bu imkanı var. Bir çox bələdiyyələr tikinti üçün vəsaitlə bağlı dövlət qurumlarına müraciət edə bilərlər. Bundan başqa iri yaşayış massivləri tikilərkən orada uşaq bağçası və məktəbin tikilməsi də vacib məsələdir.
Bağçalar geniş şəbəkə şəklində təşkil olunmalıdır. Çünki bağçalar yalnız təhsil deyil, həm də uşaqların qidalanması, sağlamlığı və sosiallaşması üçün vacib rol oynayır.