Dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan Quacquarelli Symonds (QS) 2026-cı il üzrə “Best Student Cities” (Dünyanın ən yaxşı tələbə şəhərləri) reytinqini açıqlayıb.
Azpost.info xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumata əsasən, Bakı ötən illə müqayisədə 22 pillə irəliləyərək 95-ci yerdə qərarlaşıb.
Reytinqdə dünyanın müxtəlif ölkələrindən 150 şəhər qiymətləndirilib. Bakı bu mövqeni Böyük Britaniyanın Aberdin, Çinin Quançjou və Cənubi Afrika Respublikasının Yohannesburq şəhərləri ilə bölüşür.
Bakı Cənubi Qafqazın lider tələbə şəhəri seçildi
QS reytinqinin nəticələrinə görə, Bakı Cənubi Qafqaz regionunda ən yüksək nəticə göstərərək lider tələbə şəhəri olub.
Bununla yanaşı, Azərbaycan paytaxtı Mərkəzi Asiyanın bir sıra iri şəhərlərini də geridə qoyub. Belə ki Astana – 119-cu yer, Bişkek – 137-ci yer, Daşkənd – 146-cı yeri tutub.
Reytinq hansı meyarlar əsasında hazırlanır?
QS-in “Best Student Cities” reytinqi şəhərləri ali təhsil və tələbə həyatı üçün əlverişlilik baxımından kompleks şəkildə qiymətləndirir.
Qiymətləndirmə zamanı aşağıdakı meyarlar nəzərə alınır:
şəhərdə fəaliyyət göstərən universitetlərin QS Dünya Universitetləri Reytinqindəki mövqeyi;
məzunların məşğulluq imkanları;
təhlükəsizlik və yaşayış mühiti;
təhsil və yaşayış xərclərinin əlverişliliyi;
beynəlxalq tələbələrin sayı və müxtəlifliyi;
həmin şəhərdə təhsil almış tələbələrin rəyləri.
Son nəticələr Bakının beynəlxalq ali təhsil məkanı kimi cəlbediciliyinin artdığını və regionun aparıcı tələbə şəhəri mövqeyini möhkəmləndirdiyini göstərir.