“Bakı humanitar məsələni siyasiləşdirməyi qəbuledilməz sayır” –Fransanın “L’Opinion” qəzeti

Fransanın “L’Opinion” qəzetində Laçın yolu ətrafındakı vəziyyət barədə məqalə dərc olunub.

Məqalənin müəllifi Jan-Dominik Merşe Ermənistan rəhbərliyinin danışıqlar prosesini süni şəkildə ləngitdiyini və bundan əvvəl üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən qəsdən yayındığını bildirən Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovdan sitat gətirir. Belə ki, Elçin Əmirbəyovun sözlərinə görə, erməni tərəfinin məqsədi “mümkün qədər vaxt qazanmaq və mövcud status-kvonu möhkəmləndirməkdir”.

Merşe göstərir ki, erməni separatçıları Azərbaycan hakimiyyəti tərəfindən göndərilən humanitar yükü daşıyan avtomobil karvanının Qarabağın ermənilərin məskunlaşdığı ərazilərinə keçməsinin qarşısını almaq üçün bu həftə Ağdamdan keçən yolu bağlayıblar. Nəşrdə deyilir ki, onlar bu davranışı həmin ərazilər üzərində Azərbaycanın suverenliyini tanımaq istəmədikləri ilə izah edirlər.

Məqalədə qeyd edilir ki, Bakı, öz növbəsində, bu humanitar məsələnin siyasiləşdirilməsini qəbuledilməz hesab edir və erməni əhalisini ərzaq və digər zəruri mallarla təmin etmək üçün müxtəlif marşrutlarla bağlı hər cür ayrı-seçkiliyi rədd edir. Müəllif vurğulayır ki, Azərbaycan Ağdam yolu açılandan sonra Laçın yolunun tam açılmasını təmin etməyə hazır olduğunu bildirib.

Nəşrdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin fikrindən bir daha sitat gətirilir. E.Əmirbəyovun “Sülh sazişi üzrə danışıqlarda konkret irəliləyişin mövcud olmadığı şəraitdə hərbi qarşıdurma riski artır” sözləri oxucuların diqqətinə çatdırılıb. (Azərtac)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.