8 Mart – Beynəlxalq Qadınlar Günü dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da ənənəvi olaraq geniş qeyd olunur.
Bu tarix xanımları sevindirib, onlara olan sevgi və hörməti nümayiş etdirmək üçün ən yaxşı gündür. Xanımlara ən çox edilən hədiyyələr – ətir, gül, oyuncaqlar və sairdir.
Bu səbəbdəndir ki, 8 Mart günü ərəfəsində gül və hədiyyə mağazalarında sıxlıq müşahidə olunur, gül sifarişləri bir neçə gün öncədən alınır və hazırlıq görülür.
FED.az biznes və maliyyə xəbərləri portalı şəhərin müxtəlif ərazilərində gül satışı ilə məşğul olan səyyar satıcılardan və mağazalardan gülün qiyməti ilə bağlı araşdırma aparıb.
Gül mağazalarında müştərilərin daha az olması diqqəti cəlb edib. İnsanlar daha çox səyyar satıcılardan alış-veriş etməyə üstünlük verir. Səyyar satıcıların qarşısı demək olar ki, doludur və daim sifariş götürürlər. Bunun da əsas səbəbi həmin yerlərdə satılan güllərin mağazalara nisbətən daha ucuz olmasıdır. Bəzi mağazalar isə alıcıların daha az olmasını 8 Martın həftə sonuna düşməsi və cümə günündən etibarən insanların gül almağa başlaması ilə əsaslandırır.
8 Martla əlaqədar şəhərin bir çox yerlərində gül satıcılarını görmək olur. Onlardan biri də əhalinin sıx olduğu 28 May metrostansiyasının ətrafıdır. Bu ərazidə satılan güllərin qiyməti də müxtəlifdir. Səyyar satıcılar qızılgülləri 5-8 manat arası, tülpan gülləri 2-3 manat arası, nərgizgülünü isə 1-3 manat arası qiymətlərlərlə təklif edirlər.
Gül mağazalarında isə qiymətlər nisbətən daha bahadır. Buket halında satılan qızılgüllərin qiyməti 35 manatdan 200 manata qədər dəyişir. Tülpan güllərindən hazırlanmış buketlər isə 10 manatdan 50 manata qədər təklif olunur. Buketlərin qiyməti güllərin sayından asılı olaraq dəyişir.
Daha böyük buket istəyən müştərilər əsasən qızılgüllərdən hazırlanan buketlərə üstünlük verirsə, daha kiçik və qiymətin nisbətən ucuz olmasını istəyənlər tülpan güllərini seçir. Çünki bu güllərdən 10 manata da buket hazırlatmaq olur.
Mağazalarda səbət formasında olan güllərin də satışı həyata keçirilir. Belə güllər 40 manatdan 200 manata qədər dəyişir. Gül mağazalarında satılan hədiyyəlik oyuncaq ayıların və “Teddy” kimi digər oyuncaqların qiyməti 30 manatdan 150 manata kimi dəyişir.
Fərdi oyuncaq mağazalarında isə belə oyuncaqlar daha ucuz təklif olunur. 180 santimetr ölçüdə ayı oyuncaqları 120 manata, 120 santimetr ölçüdə ayı oyuncaqların qiyməti 80 manata, 1 mert ölçüdə “Teddy” oyuncaqların qiyməti 75 manata, 70 santimetr “Teddy” oyuncaqların qiyməti 45 manata təklif edilir. Həmin mağazalarda ölçüsündən asılı olaraq daha ucuz – 10 manatdan başlayan qiymətlərlə oyuncaq hədiyyələr almaq mümkündür.
Şəhərin ən qaynar nöqtələrindən olan – “Tarqovu” kimi tanınan Fəvvarələr Meydanının ətrafında yerləşən gül mağazalarında isə qiymətlər nisbətən bahadır. Belə ki, səyyar satıcılar tərəfindən təklif olunan qızılgüllərin qiyməti 6 manatdan, tülpan və nərgiz gülünün qiyməti isə 3 manatdan başlayır. Gül mağazalarında da oxşar mənzərə müşahidə olunur.

Ən ucuz gül buketinin 40 manatdan etibarən təklif olunur və qiymətlər 250 manata qədər dəyişir. Bu ünvanda yerləşən mağazalarda nisbətən kiçik ölçüdə buketlər təklif olunur ki, bunun da qiyməti daha ucuzdur. Məsələn 15 manata çobanyastığı (papatya) gülündən buket, “Pion” gülünə oxşar kol halında qızılgüllərdən buketlər təklif olunur. Mərkəzdə gül mağazalarında satılan oyuncaqlarda da qiymət fərqi aydın sezilir. Oyuncaq ayıların qiyməti 60 manatdan 150 manata qədər təklif olunur ki, onların da ölçüsü elə də böyük deyil. Oyuncaq mağazalarında isə 25 manatdan başlayan qiymətlərlə müxtəlif oyuncaq hədiyyələr almaq mümkündür.
Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən gül mağazalarında da qızılgüllərin qiyməti 6-8 manat arasında dəyişir. Tülpanların bir ədədi 3 manata, nərgiz gülünün bir ədədi 2 manata təklif olunur. Buket güllərin qiyməti isə nisbətən bahadır. Qiymətlər minimum 45-50 manatdan başlayır və 300 manata qədər artır. Səbət formasında kiçik güllər 40-50 manat, daha böyük güllər isə 100-200 manat qiymətinə təklif edilir.
Suraxanı rayonunda bazarın yaxınlığında yerləşən gül mağazalarında güllərin qiyməti daha ucuzdur. Belə ki, qızılgüllər 4 manatdan, tülpanlar və nərgiz gülü 2 manatdan təklif olunur. Çobanyastığı (papatya) gülünün qiyməti isə 3 manatdır. Satıcılar deyir ki, hər qiymətə bukletlər hazırlamaq olur, minimum buket qiyməti 15 manatdan başlayır ki, onların da ölçüləri kifayət qədər yaxşıdır. Satıcılar bilirir ki, güllərin maksimum qiyməti yoxdur, müştərinin sifarişindən asılı olaraq müxtəlif qiymətlərə güllər hazırlamaq mümkündür.




