İçərişəhərin tarixi və memarlıq irsini qorumaq məqsədilə nəqliyyatın hərəkətinə dair yeni məhdudiyyətlər tətbiq olunub. AzPost.az xəbər verir ki, bu barədə məlumatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yayıb.
Yeni qaydalara əsasən, Qoruq ərazisində nəqliyyat vasitələrinin eyni vaxtda sayı üç yüz avtomobil ilə məhdudlaşdırılıb. Məqsəd daha təhlükəsiz, sakit və piyadayönümlü şəhər məkanı yaratmaqdır.
Qeyd olunub ki, müəyyən edilmiş limit aşılmadığı halda, qeyri-rezident sürücülər aşağı tariflərlə əraziyə daxil ola bilərlər. Belə ki, ilk on beş dəqiqə üçün ödəniş üç manat, bu müddətdən sonra isə hər əlavə saat üçün beş manat təşkil edir. Ödənişlər yalnız nağdsız şəkildə — “AzParking”, post terminallar və digər rəqəmsal vasitələrlə həyata keçiriləcək.
Bu tədbirlər həm də İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısındakı statusuna uyğun olaraq, tarixi mühitin qorunması və müasir şəhər idarəçiliyinin tətbiqi baxımından əhəmiyyət daşıyır.