“Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumu başlayıb.
APA xəbər verir ki, Forum Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.
Forum Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlıq əlaqələrinə həsr olunmuş videoçarxla başlayıb.
“Azərbaycan və Özbəkistan xalqlarını əsrlərin dərinliklərindən gələn qardaşlıq telləri birləşdirir”.
APA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu gün həmin tarixi bağlar dövlət başçılarımız – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatıb: “İkitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bütün sahələrdə, o cümlədən media sahəsində əməkdaşlığımızın gücləndirilməsi üçün geniş imkanlar açır”.
“Azərbaycanın əldə etdiyi təcrübəni öyrənmək olduqca vacibdir. Praktiki baxımdan sizin əldə etdiyiniz vərdişləri öyrənmək istərdik”.
Bunu Özbəkistan Prezident Administrasiyasının rabitə şöbəsinin sektor müdiri Dilşod Səidcanov “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda deyib.
O bildirib ki, Media Forum Platforması bu sahənin alimlərinin və aparıcı simalarının bir araya gəldiyi olduqca vacib bir tədbirdir: “Ölkələr arasında belə tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Özbəkistanda Azərbaycana, Azərbaycanda isə Özbəkistana dair biliklərin artırılması istiqamətində işlər aparılmalıdır. İki ölkə arasında blogerlər və digər media sahələrində əməkdaşlıq imkanları genişləndirilməlidir.
İnformasiya dövrünü süni intellektsiz təsəvvür etmək mümkün deyil. Aydındır ki, ölkələr bu sahəni prioritet istiqamət kimi ön plana çəkirlər. Əlbəttə, biz blogerlərin də bu prosesdən kənarda qalması mümkün deyil. Bu bizim üçün son dərəcə vacib məsələdir.
Özbəkistanda son vaxtlar media sahəsində ciddi dəyişikliklər baş verib. Kütləvi informasiya vasitələri (KİV) üzərində nəzarət ləğv olunub. Qanunvericilik sahəsində vacib məsələlərlə tanış olmuşuq. Əsas məsələ ondan ibarətdir ki, KİV-lərin sayının artması müsbət haldır, lakin bu artım məzmun keyfiyyəti ilə də müşayiət olunmalıdır”.