Bakıda karantinə aparılan 25 tələbədən biri danışdı:

“İtaliyada durum həddən artıq kritikdir”
12 Mart 2020 - 01:12

Martın 10-da İtaliyada təhsil alan 25 azərbaycanlı tələbə Ukrayna üzərindən Bakıya gəlib. Bakı Hava Limanında onları 16 Təcili Tibbi Yardım maşınları qarşılayıb.

Tələbələrə təhlükəsizlik məqsədilə ailələri ilə təmas qadağan olunub. Onlar hava limanından Qobustan xəstəxanasına aparılıblar.

Tələbələrdən Şəhla Məmmədzadənin musavat.com-a verdiyi bilgilərə görə, Bakıya gələn tələbələrin heç birinin səhhətində problem yoxdur: ”Özümüzü yaxşı hiss edirik. 2, 3 və 5 nəfərlik otaqlara yerləşdirilmişik. Xəstəxanaya gələn kimi dərhal analizlər alındı. Hər 4 saatdan bir hərarətimiz yoxlanır. Saxlanma şəraitimiz normaldır. İlkin bilgiyə görə, 14 gün burada qalacağıq. 2 dəfə analiz verəcəyik. Həkimlər analizlərinin cavabı 2 dəfə neqativ çıxanları 14 gün sonra evə buraxılacaqlarını bildirirlər”.

Şəhla Məmmədzadənin sözlərinə görə, İtaliyada durum həddən artıq kritik olub:”İlk günlər o qədər də narahat olmadıq. Dərslər normal davam edirdi. Mən Peruca şəhərində təhsil alıram. Bizim şəhərdə yoluxma o qədər çox deyildi, amma ölkə üzrə xəbərlər narahatlıq yaradırdı. İtaliya hava məkanı tamam bağlanmazdan bir neçə saat öncə Kiyevə, ordan da Bakıya gələ bildik”.

Avropada koronavirus ən çox İtaliyada yayılıb. Qeyri-rəsmi bilgilərə görə, ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı 3 minə yaxındır.

TƏBİB-dən yayılan xüsusi məlumat vasitəsi ilə faktı təsdiqləyiblər.

Həmin məlumata görə, prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar. Onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb. Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir.

“Səhiyyə qurumlarımız xəstəliyin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması üçün bütün profilaktik tədbirləri həyata keçirməyə davam edəcəkdir”, deyə, məlumatda qeyd olunur.