Bakıda kirayə mənzildə yaşayanların dəqiq sayı məlum olmasa da, ekspertlər paytaxt və Abşeron yarımadasında bir neçə yüz min nəfərin kirayədə yaşadığını bildirirlər. Bununla yanaşı, kirayə bazarının böyük hissəsinin qeyri-rəsmi fəaliyyət göstərməsi həm dövlət statistikasının aparılmasını çətinləşdirir, həm də minlərlə vətəndaşı cərimə riski ilə qarşı-qarşıya qoyur.
AzPost xəbər verir ki, daşınmaz əmlak bazarı üzrə mütəxəssislərin hesablamalarına görə, Bakıda kirayə bazarının təxminən 80-90 faizi rəsmi müqavilə olmadan fəaliyyət göstərir.
Kirayə bazarını kimlər formalaşdırır?
Ekspertlərin fikrincə, kirayə mənzillərə tələbat əsasən üç böyük qrup hesabına formalaşır.
Bunlardan birincisi regionlardan ali məktəblərə qəbul olunan tələbələrdir. Hər il Bakıya gələn on minlərlə tələbənin əksəriyyəti yataqxanada yer tapa bilmədiyi üçün qrup şəklində kirayə mənzillərdə qalmağa üstünlük verir.
İkinci böyük qrup isə rayon qeydiyyatında olan, lakin paytaxtda işləyən şəxslər və ailələrdir. Onlar Bakıda həm rəsmi, həm də qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olsalar da, kirayə mənzillərdə yaşayırlar.
Mütəxəssislər bildirirlər ki, kirayə bazarında mühüm yer tutan başqa bir seqment də çıxarışsız fərdi evlərdir. Rieltorların məlumatına görə, təkcə Bakı və Abşeronda 500 minə yaxın kupçasız fərdi yaşayış evi mövcuddur. Bu evlərin əhəmiyyətli hissəsi kirayəyə verilsə də, onların böyük qismi rəsmi qeydiyyata alınmır.
Kirayədə qalanları hansı qaydalar gözləyir?
Qanunvericiliyə əsasən, vətəndaş yaşadığı ünvanı dəyişdikdə və 60 gündən artıq kirayə mənzildə qaldıqda, 7 iş günü ərzində həmin ünvanda qeydiyyata düşməlidir.
2026-cı ildə qüvvəyə minən dəyişikliklərə əsasən, bu tələbi pozan şəxslər üçün inzibati məsuliyyət də sərtləşdirilib. Belə ki, kirayə müqaviləsi bağlamayan və ya yaşayış yeri üzrə qeydiyyata düşməyən şəxslər üçün cərimə 30 manatdan 300 manata qaldırılıb.
Ev sahibləri nə qədər vergi ödəyir?
Mənzilini rəsmi şəkildə kirayəyə verən şəxslər əldə etdikləri gəlirdən 10 faiz vergi ödəyirlər.
Ekspertlər hesab edirlər ki, kirayə bazarının böyük hissəsinin qeyri-rəsmi olması həm dövlət büdcəsinin vergi itkilərinə səbəb olur, həm də kirayəçi ilə ev sahibi arasında yarana biləcək mübahisələr zamanı hüquqi problemlər yaradır.
Onların fikrincə, kirayə münasibətlərinin tam rəsmiləşdirilməsi həm bazarın şəffaflaşmasına, həm də kirayəçilərin hüquqlarının daha etibarlı qorunmasına xidmət edəcək.
Samir Abdulla